Ramil Usubov gürcü həmkarı ilə görüşüb

  15 Fevral 2018    Oxunub : 542
Ramil Usubov gürcü həmkarı ilə görüşüb
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria Azərbaycana iki günlük işgüzar səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 15-də daxili işlər naziri R. Usubov gürcü həmkarını qəbul edib. Nazirlər ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin “Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında” Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından, bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsindən, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın ilk növbədə dost və qardaş xalqların mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsindən məmnunluqlarını bildiriblər.

Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.

G. Qaxaria ikitərfli əlaqələrin inkişafına böyük önəm verdiklərini, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

AzVision.az

Teqlər: Gürcüstan   Ramil-Usubov