Korrupsiyanın kökünü kəsmək istəyən nazirə deputatdan təklif

Korrupsiyanın kökünü kəsmək istəyən nazirə deputatdan təklif
  16 Fevral 2018    Oxunub:4102
Vergilər naziri Mikayıl Cabbarov nazirlikdə ciddi kadr islahatları aparır. Nazir vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün resursları səfərbər edib. Bu yaxınlarda sahibkarlarla görüşdə M.Cabbarov qeyd edib ki, aşkarlanan bütün neqativ hallarla bağlı qəti tədbirlər görüləcək və heç kəsə güzəşt edilməyəcək.
“Sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verilməməsi üçün bütün mübahisəli hallar mütləq qaydada vergiödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq"- nazir çıxışında deyib.

Mikayıl Cabbarovun çıxışına münasibət bildirən iqtisadçı deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında vurğulayıb ki, hazırda vergi orqanlarında kadr islahatları davam etdirilir və nazirin bu istiqamətdə atdığı addımlar müsbət nəticələr verəcək.



Deputat bildirib ki, nazirliyin qarşısında duran əsas məsələlərdən biri vergi yığımının intensivləşdirilməsidir: “Əlavə təzyiqlər olmadan vergilərin qanunauyğun formada yığılmasından söhbət gedir. Bütün bunlar üçün Vergilər Nazirliyi ilə Maliyyə Nazirliyi arasında proqnoza böyük diqqət yetirməyə ehtiyac var. Proqnozlar düzgün qurulsun ki, vergi orqanları çətin vəziyyətdə qalmasınlar. Mikayıl Cabbarovun bu işlərlə bağlı proqramı var. Hesab edirəm ki, vergi sahəsində olan neqativ hallar aradan qaldırılacaq”.

V.Əhmədov əlavə edib ki, bu sahədə kadr islahatlarına xüsusi önəm verilməlidir. Deputat, korrupsiyanın qarşısını alma üçün təkliflər irəli sürüb: “Kadrlara vəzifə maaşlarından əlavə əldə edilən rüsumdan 25 faiz vəsaitin verilməsi məsələsi, öz işində səmərəli çalışan əməkdaşların daha yüksək maaş alması kimi məsələlərə baxmaq olar. Bütün bunlarda məqsəd odur ki, vergi orqanlarında şəffaflıq təmin edilsin. Şəffaflıq təmin ediləcəksə, əlavə yoxlamalara ehtiyac olmayacaqsa, korrupsiya da aradan qalxacaq. Bununla da neqativ hallar olmayacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov   Vahid-Əhmədov  





Xəbər lenti