Özəl klinikalarda qanun pozuntusu - Həkimlərin real maaşı gizlədilir

  16 Fevral 2018    Oxunub : 1427
Özəl klinikalarda qanun pozuntusu - Həkimlərin real maaşı gizlədilir
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəstəxanada işləyən mama-ginekoloq Xalidə Məmmədova məhkəmədə bildirib ki, rəsmi maaşı 230 manat olsa da, reallıqda aylıq 25 min manat əmək haqqı alır.
Bu məsələ özəl kilinikalarda həkimlərin əmək haqlarının gizlədilməsi məsələsini yenidən gündəmə gətirib. Məlumatlara görə, bəzi özəl klinikalarda həkimlərə verilən maaş rəsmi qeydiyyatda olduqca az göstərilir. Realda isə həkimlərin maaş qeyd olunan rəqəmlərdən qat-qat çoxdur.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev AzVision.az-a bildirib ki, gəlirlərin gizlədilməsi halı Azərbaycanda özəl fəaliyyətlə məşğul olan hüquqi şəxslərdə müşahid edilir. Deputatın sözlərinə görə, əmək haqlarının saxtalaşdırılmasına qarşı mübarizə aparılsa da, təəssüf ki, bu halların bütünlüklə qarşısını almaq mümkün olmur.

“Təəssüflər olsun ki, biz bunu bütün sferalarda görürük. Ölkədə hər vəzifənin, hər işin təxmini əmək haqqısı bəllidir. Əmək haqqının rəsmi maaşda az göstərilməsi birinci növbədə vicdan məsələsidir. İkinci növbədə savadsızlıqdan irəli gəlir. Həkim özü gərək dərk eləsin ki, bu gün sığortadan yayınırsa, pensiyaya çıxanda çəkdiyi əziyyət hədər gedəcək. Özəl müəssisələrdə çalışan şəxs aylıq aldığı əmək haqqını müqavilədə rəsmiləşdirsə, pensiya çıxanda yüksək məbləğ alacaq. Həkimlər müqavilədə göstərilən maaşdan əlavə göstərdiyi xidmətə görə üstün faizlər alır və bunlar da hesablanmalıdır. Tanıdığım bütün özəl klinikalarda işləyən həkimlərin əmək haqları aşkar göstərilib və yayınmanı hiss etməmişəm”.



M.Quliyev bütün dünyada bununla bağlı vahid nəzarət mexanizmin olmadığını qeyd edib: “Həkimin maaşını olduğu kimi rəsmiləşdirməyən hüquqi şəxs bu işdən böyük qazanc götürə bilmir. Vergidən, sığortadan yayınmağa görə onlara cərimələr tətbiq oluna bilər ki, qazandıqları da əllərindən çıxar. Şikayət olarsa, Dövlət Əmək Müfəttişliyi gedib yoxlaya bilər. Qalan halda isə bu, həmin şəxslərin vicdanına qalıb. Bütün dünyada vahid resept tanımıram ki, bunu tətbiq etməklə vergidən yayınmaq və ya əmək haqlarının az göstərilməsi məsələsinin qarşısı alınsın”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Klinika   Həkim   Maaş   Deputat   Musa-Quliyev