Nazir İlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb

Nazir İlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb
  20 Fevral 2018    Oxunub:1709
Pakistanda səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin prezidenti Məmnun Hüseynlə görüşüb.

AzVision.az-ın Pakistan mətbuatına istinadən verdiyi məlumata əsasən, görüşdə prezident M.Hüseyn bildirib ki, Azərbaycan və Pakistan arasında ticari və iqtisadi əməkdaşlıq üçün böyük potensial var və hər iki ölkə bu potensialdan maksimum istifadə etməlidir.
Maliyyə naziri Samir Şərifov isə birgə layihələrin reallaşdırılması ilə yanaşı, treyder və sənayeçilərdən ibarət nümayəndə heyətlərinin mübadiləsinin vacibliyini vurğulayıb. Görüş zamanı nazir Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb.

Pakistan prezident bildirib ki, rəsmi İslamabad Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməklə yanaşı rəsmi Bakının beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətlə yanaşır. O, qeyd edib ki, Pakistan Kəşmir məsələsində Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirir.

Nazir Samir Şərifov isə vurğulayıb ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyib və hesab edir ki, mübahisəli məsələ BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Nazirin sözlərinə görə, Azərbaycan Pakistanla maksimum iqtisadi əməkdaşlıqda maraqlıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Pakistan   Qarabağ   Azərbaycan  





Xəbər lenti