“Məmmədyarov və Nalbandyan bu sənədlə razıdır” - Kaspişik (Yenilənib)

  21 Fevral 2018    Oxunub : 1989
“Məmmədyarov və Nalbandyan bu sənədlə razıdır” - Kaspişik (Yenilənib)
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov görüşünə dair yaydığı bəyanatda vurğulanır ki, nazirlər prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar.
AzVision.az xəbər verir ki, bunu “Novosti Armeniya”ya müsahibəsində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik deyib. Onun sözlərinə görə, tərəflər tez bir zamanda sənəd üzərində işlərin yekunlaşdırılmasına dair arzularını ifadə ediblər.

Kaspişik işlərin nə vaxta yekunlaşacağı barədə suala cavab verib. Bildirib ki, ATƏT-in Minsk Qrupunun həlli ilə məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndənin ofisinin genişləndirilməsi prinsipi Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə Vyana və Sankt-Peterburqda ən yüksək səviyyədə keçilən görüşləri zamanı qəbul olunub.

"Mənim mandatımın məqsədi tərəflərə inamın artırılması üzrə qərarların qəbulunda dəstəyin göstərilməsidir. Mən prezidentlərin qərarını dəstəkləyirəm və bu təşəbbüsün konstruktiv məcrada inkişafına yardım etmək üçün ATƏT sədri, həmsədrlər və tərəflərlə müntəzəm əlaqə saxlamağa davam edirəm".

Kaspişik rəhbərlik etdiyi komandanın fəaliyyətinin necə formalaşacağına aydınlıq gətirib. O, vurğulayıb ki, genişləndirilmiş qrupda bır sıra beynəlxalq əməkdaşlar olacaq. Əlavə əməkdaşlar şəxsi nümayəndənin səhra köməkçilərinin işlərini yerinə yetirəcəklər.

"Həyata keçirilən monitorinqlərin sayının artırılması onların keçirilməsi müddətinə təsir edəcəkmi" sualına gəlincə, Kaspişik qeyd edib ki, əlavə personalın olması şəxsi nümayəndənin ofisi tərəfindən monitorinqin keçirilmə tezliyinin artırılması üçün potensial yaradacaq.

Kaspişik əlavə edib ki, ATƏT-in şəxsi nümayəndəsinin qrupunun genişləndirilməsi ön cəbhədə gərginliyin azaldılması və sabitliyin artırılmasına yardım edə biləcək: "Mən gərginliyi və ön cəbhədə insan qurbanlarının sayını azaldacaq istənilən addımı dəstəkləyirəm".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ATƏT   Kaspişik   Qarabağ