Saleh Məmmədov: “Sovetski”də 40 hektar ərazi boşaldılıb

Saleh Məmmədov: “Sovetski”də 40 hektar ərazi boşaldılıb
  22 Fevral 2018    Oxunub:7399
Avtomobil yol inşaatçılarımız ümumilikdə 2017-ci ildə dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 34 rayonunda 14 respublika əhəmiyyətli, 42 kəndlərarası avtomobil yolları layihələrini uğurla yekunlaşdırıblar.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu layihəsi, 1 körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə inşaat və yenidənqurma işləri başa çatdırılıb.

"Bu mühüm layihələrin həyata keçirilməsi 2,1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini əhatə edir. Artıq 1341,1 kilometr uzunluğunda rahat avtomobil yolları əhalinin istifadəsinə verilib. Onlar tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və s.) və meyvə-tərəvəzi qısa vaxt ərzində, rahat şəkildə istədikləri ünvana çatdıra biləcəklər. Fəxrlə bildirirəm ki, dövlət başçısı ümumilikdə 2017-ci ildə tikintisi başa çatmış layihələr də daxil olmaqla 36 dəfə avtomobil yolu və yol qurğularının açılışı, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tapşırıq və tövsiyələrini verib".

S.Məmmədov bildirib ki, “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb: "6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Həmin vaxtlar keçirilmiş açılış mərasimlərində ölkə rəhbəri iştirak edib. İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri layihəyə uyğun olaraq yekunlaşdırılıb və 14 avqustda dövlət başçısının iştirakı ilə ikinci mərhələnin təntənəli açılışı olub".

O qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2017-ci ildə uzunluğu 1341,1 kilometr olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və qəsəbələrarası avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir edilib:

"Bu da 2016-cı illə müqayisədə 461,1 kilometr çoxdur. O cümlədən, respublika əhəmiyyətli 319,4 kilometr, yerli əhəmiyyətli 888,7 kilometr və Bakı şəhəri yolları 133 kilometrdir. Fərəh hissi ilə deyə bilərəm ki, son iki il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları çərçivəsində aparılan islahatlar ürək açır. Həmin islahatlar nəticəsində bu gün birinci texniki dərəcəli avtomobil yolları 785,9 kilometr təşkil edir. Bu rəqəm 2015-ci ildə 461 kilometr idi. Son bir ildə ölkədə ümumi istifadədə olan avtomobil yollarında 14 yeni avtomobil körpüsü tikilib, 8 körpü təmir edilib. Avtomobil yollarında 13 piyada keçidi tikilərək istismara verilib. Onlardan 10-u M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2-si M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, 1-i isə Zaqatala şəhərində istifadəyə verilib. Ən yaddaqalan hadisə isə ötən il iyun ayının 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, uzunluğu 9 kilometr olan yeni avtomobil yolunun açılışı oldu. Sanki işğal altında olan Qarabağa böyük qayıdış başlayırdı".

AzVision.az


Teqlər: Saleh-Məmmədov   Yol  





Xəbər lenti