Komitə sədri Rabatda görüşlər keçirib

Komitə sədri Rabatda görüşlər keçirib
  22 Fevral 2018    Oxunub:1390
Fevralın 21-22-də Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilib.
Konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Mərakeşin Turizm Nazirliyinin hava nəqliyyatı, əl sənətləri və sosial iqtisadiyyat məsələləri üzrə dövlət katibi Jamila Əl Mossalli, Tunisin qadın, ailə və uşaq naziri Neziha Labidi, Mərakeşin həmrəylik, qadın, ailə və sosial inkişaf naziri Bassima Hakkaoui, Fələstinin sosial inkişaf naziri İbrahim Əl-Şaer, Pakistanın Federal və Peşə Təhsili Nazirliyinin katibi Aamir Aşraf Xavaja, Malinin qadın, uşaq və ailə naziri Traore Oumou Toure ilə görüşləri olub.

Komitə sədri Hicran Hüseynova görüşlərdə ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən olduğunu deyib. H.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, uşaqların sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan balacaların cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti tərəfindən çoxsaylı layihələr həyata keçirilir, nailiyyətlər əldə olunur.

Eyni zamanda, görüşlərdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, ölkəmizdə qadınların müxtəlif sahələrdə, eləcə də iqtisadiyyatda, biznes təsisatlarında uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycanda qadın sahibkarlığının inkişafına dövlət dəstəyini, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib. Xüsusilə kiçik və orta biznesin inkişafı, qadın resurs mərkəzləri, regionlarda qadın sahibkarlığının gücləndirilməsi barədə ətraflı məlumat verib. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Komitə sədri keçirdiyi görüşlərdə Azərbaycanın müharibə şəraitində yaşadığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların da çoxunun qadın və uşaqlar olduğunu diqqətə çatdırıb.

Həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Komitə   Sədr   Hicran-Hüseynova  





Xəbər lenti