Şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum dəyişdi

  23 Fevral 2018    Oxunub : 690
Şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum dəyişdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub. Bu dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə mincək.

Qeyd edək ki, mövcud qanunvericiləyə əsasən Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə 35 manatdır. Lakin mövcud qanunun 15-ci maddəsinə əsasən 16 yaşına çatmamış Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Şəxsiyyət-Vəsiqəsi   Dəyişiklik