Deputat universitetə torpaq ayrılmasını təklif edib

  23 Fevral 2018    Oxunub : 603
Deputat universitetə torpaq ayrılmasını təklif edib
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinə xüsusi torpaq sahələrinin ayrılması təklif olunub.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı zəruri addımlar atılır, bu istiqamətdə böyük layihələr icra edilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri də kənd təsərrüfatıdır. Dövlət başçısının son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində Azərbaycanda bu sahədə əsaslı dəyişikliklər baş verib, mühüm uğurlara nail olunub.

N.Həmzəyev bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqrar sahə üzrə yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır: "Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Aqrar Universitetin maddi-texniki bazası yüksək səviyyədədir. Regionda müasir standartlara cavab verən ilk tələbə yataqxanası da məhz Aqrar Universitetdə tikilib istifadəyə verilib. Lakin Universitetin ən böyük problemi təcrübə torpaqlarının olmamasıdır. Gəncə şəhərində təyinatı üzrə kənd təsəttüfatı torpaqları yoxdur. Bu da aqrar sahə üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlanmasında müəyyən problemlər yaradır".

Millət vəkili qeyd edib ki, bu məsəlinin aidiyyatı orqanlar tərəfindən həll edilməsi aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına böyük təkan vermiş olardı. Spiker Oqtay Əsədov deputatın təklifini dəstəkləyib.


AzVision.az

Teqlər: Milli-Məclis   Naqif-Həmzəyev   ADAU