Tağıyevdən kömək istədi, Tiflisdə qətlə yetirildi - Həsən bəyin və ailəsinin dəhşətli həyatı

Tağıyevdən kömək istədi, Tiflisdə qətlə yetirildi - Həsən bəyin və ailəsinin dəhşətli həyatı
  28 Fevral 2018    Oxunub:26036
Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında pay sahibi olan tarixi şəxsiyyətlərdən biri Həsən bəy Ağayevdir. O, ictimai-siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini kimi tarixin qızıl səhifələrinə adını yazdıra bilib. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olub və bəyannaməni ilk olaraq o, imzalayıb...
“Möhtərəm parlament üzvüləri! Bu tarixi gündə mənim boynuma böyük bir şərəf, böyük bir iqdam düşdü. İzhari-etimad ilə məni uca mənsəbə layiq bildiyinizdən dolayı bilaistisna hamınıza təşəkkür edirəm.

...Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət etmirəm.Zira vəzifə çox xeyli məsuliyyətli və ağırdır. Fəqəd hamının məqsədi sevgili Azərbaycanın səadəti buraya toplanmamızdan murad əziz vətənimizi sahili –nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsəd nail və sizin müavinətiniz ilə vəzifəmi hüsni-ifayə müvəffəq olacağam”
- Həsən bəy 1918-ci il 7 dekabr çıxışında deyib.

***
Həsən bəy Ağayevin atası Hüseynqulu kişi iki dəfə evlənmişdi. Oğlu Məhəmmədin anası vəfat etdikdən sonra o, gəncəli qızı Nərgiz xanımı almışdı və bu nikahdan Həsən, İsmayıl, Zəhra adlı uşaqları dünyaya gəlmişdi. Nəsillikcə az qala hamısı ruhani olublar. Atası Həsən bəyin də ruhani təhsili almasını istəyirdi və onu bu səbəbdən mədrəsəyə yazdırmışdı.

Ancaq Həsən bəyin ruhani təhsili almaq fikri yox idi, dövrə uyğun olaraq dünyəvi təhsil almaq istəyirdi. Elmə, biliyə açıq olan ailəsi onun bu istəyini biləndən sonra etiraz etmir, təhsilini davam etdirmək üçün Gəncə klassik gimnaziyasında oxumasına şərait yaradır. Oranı bitirdikdən sonra atasının - “İndi də get Türkiyədə ruhani təhsil al, nə qədər olmasa biz seyid nəsliyik, ənənəmiz var” - tövsiyyəsinə uymayan Həsən bəy Rusiyaya oxumağa gedən həmyerlilərinə qoşulur və Moskva Universitetinin tibb fakültəsinə daxil olur. Ancaq ailənin onları Rusiyada oxutdurmaq üçün maddi imkanları olmur. Tələbə dostları ona məsləhət görürlər ki, kömək üçün Tağıyevə məktub yazsın. Tağıyev bir şərtlə ona kömək etməyə razı olur ki, Həsən bəy universiteti bitirdikdən sonra onun dediyi yerdə işləməli və çəkilən xərci çıxarmalıdır. Hər şey şərtləşdikləri kimi olur, Həsən bəy Bakıya gəldikdən sonra Tağıyevin toxuculuq fabrikində, eyni zamanda onun qız məktəbində həkimlik edir. Həmçinin Kömürçü meydanında yerləşən və onun adıyla camaat arasında tezliklə “Seyid xəstəxanası” kimi məşhurlaşan müalicəxanada çalışır.



Həsən bəy qızıl əlli cərah, mahir ürək həkimi idi. O, hətta hipnozla da məşğul olurmuş. Həyat yoldaşı Xədicə xanım danışırmış ki, Həsən bəy iynə, dərman qəbul etməyən adamları hipnozla müalicə edərmiş. Hətta ayrıca labaratoriyası varmış. Parlament rəhbəri olduğu vaxtda belə Azərbaycan Dəmir yolu İdarəsinin baş həkimi vəzifəsində qalıb.

***

Onun sonrakı taleyi Ufa tatarlarından olan çar ordusu polkovniki Sadıq Abdurrahamanovun qızı Xədicə xanımla bağlanır... Abdurrahamovun hər iki qızı- Zeynəb və Xədicə gimnaziyanı qızıl və gümüşlə bitirmişdilər.Sonra Zeynəb Peterburqa gedib “Nəcib qızlar pansionu”nun tibb fakültəsinə daxil olmuşdu, həkim idi, qalıb orada da işləyirdi. Xədicəyə isə xaçpərətliyi qəbul edərsə, gimnaziyada müəllim yeri təklif edilmişdi, o, isə dini heysiyyatını təhqir olunmuş sayaraq qapını çırpıb çıxmışdı. İşsiz vaxtlarında Xədicəyə bacısından məktub daxil olur ki, Bakıda Tağıyevin qız məktəbinə müsəlman qızlarından müəllimə tələb olunur. Xədicə bununla bağlı Tağıyevə məktub yollayır. Tağıyev cavabla bərabər ona yol pulu göndərir.

1901-ci ildə Tağıyevin qız məktəbində işə başlayan Xədicə xanım orada həkimlik edən Həsən bəylə hələ qarşılaşmamışdı. Onların tanışlığı üç ildən sonra baş tutur. Evlilikləri isə tanışlıqdan çox az zaman sonra reallaşır...

Nikah bağlamamışdan əvvəl Xədicə evlərinə məktub yazıb onları məsələdən hali edir və Həsən bəy haqqında ətraflı məlumat verir. Atası isə bu evliliyə razı olduğunu, ancaq bir şeydən narahat qaldığını bildirir. Onu narahat edən məqam oğlanın şiə və ya sünni olması imiş.

Həsən bəy əslində şiə olub. Ancaq qorxur ki, qaynatası həqiqəti öyrənərsə, evliliklərinə icazə verməz. Xədicə xanıma məsləhət görür ki, cavab məktubunda sünni olduğunu yazsın. Atası yaşlı hərbçi Sadıq Abdurrahamanov yaşına və səhhətinə görə toya gəlib işirak edə bilmir. Əvəzində qızın dayısı, çar ordusunun generalı Sahib Girey Yenkiyevi göndərir. Məsələnin üstü 1905-ci ildə Xədicə xanım qızları Xurşidlə birgə Türküstana atasını görməyə gedəndə açılır. Polokvnik deyir: “Neynək, şiələrin də arasında yaxşı adamlar varmış…”.

Həsən bəy evlənəndə Xədicə xanıma toy günü onunla bağlı 1901-ci ildə baş vermiş bir hadisəni nəql edir. Belə ki, 1901-ci ildə tələbə yoldaşları ilə birgə Moskva altındakı kiçik restorana yığışıb ali təhsillərini başa vurmaqlarını qeyd edirmişlər. Qəfildən restorana ağ saçlı qaraçı qadın yaxınlaşır. Onlara fallarına baxmağı təklif edir. Gənclər fala inanmasalar da, məclisləri əyləncəli olsun deyə razı olurlar. Onların qaraçı qadının hər bir sözünü gülüşlə, zaraftala qarşılayırlar.

Növbə Həsən bəyə çatır. Qaraçı diqqətlə onun baramaqlarının büküşlərinə, xətlərinə baxır. Daha sonra üzünü ona tutub, taleyinə baxmaq istəmədiyini deyir. Dostları “sənin falın bahalıdır, Həsən. Xanıma əlavə pul ver ki, danışsın” deyirlər. Həsən bəy təkid edir, falçı isə “yaxşı görünmür sənin bəxtin, cavan oğlan” deyir.

Falçı təkidlərdən sonra dilə gəlir: "Xoşbəxt ailən olacaq, üç qız atası olacaqsan. Özün də hökumət pillələriylə yuxarıya qalxacaqsan, lap zirvəyə... 45 yaşına çatanda isə öləcəksən. Həm də səni öldürəcəklər”. Həsən bəy falçıya inanmasa da, həmişə bu sözləri yadında saxlayır.


(Sevda Pepinova)

Həsən bəyin nəvəsi Sevda Pepinova: “Xədicə nənəm rəvayət edərdi ki, Həsən bəy bu əhvalatı inandığı həqiqət kimi yox, elə-belə macəralı hadisə kimi söylədi. Biz də inanmadıq, zarafata saldıq getdi. Amma 1918-ci ildə Həsən parlament işinə keçəndə ürəyimə xal düşdü. 1919-1920-ci ildə həyacanlarım artdı. Babanı danlayırdım ki, görmürsənmi yuxarıdan axın sel kimi gəlir. Şimaldakı qasırğalar bura yetişsə, hamımızı qıracaqlar.

Baban isə gülümsünüb “ay Xədicə, danlama məni, 5-6 ay vaxtım qalıb” deyirdi. Sonra söyləyirdi ki, Xədicə, 4 ayım qalıb. Daha sonra 3, 2 … Dili qurumuş falçının dediyi düz çxmışdı, 45 yaşında babanı qətlə yetirdilər”.

***

Falçının dedikləri həqiqətə çevriləcəkdi... Hələ Həsən bəy də, Xədicə xanım da xoşəbxt idilər. Bir-birlərini sevirdilər, 3 qızları var idi.


(Gülrux,Xurşid, Nəzakət)

***

Həsən bəy Ağayev hələ Moskvada oxuyarkən tələbələr arasında inqilabi-demokratik ideyalara böyük meyil var idi. O, sosial demokratalara qoşulmuşdu və tələbə siyasi dərnəklərinin fəallarından biri idi. Bu baxımdan Bakıya başqa ab-hava ilə qayıtmışdı və gəlişindən az sonra “Hümmət”ə üzv olmuşdu.

1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəsində onun ruscadan çevirdiyi “Mülk, sinif, firqə” ünvanlı kitabça çap edilir. Bu, ana dilimizdə inqilabla, siyasi hərəkatlarla bağlı ilk kitablardan biri idi. Və bu kitabça sonradan onun başını çox ağrıdır.

Çar polisi onun evində bir neçə dəfə axtarış aparmışdı. Həsən bəy isə gizli ədəbiyyatı, hazırladığı vərəqələri Xədicə xanımın çarpayısının altında saxlayardı. Çar polisi isə Xədicə xanımın otağını axtarmağı düzgün saymırdı. Ancaq vəziyyət getdikcə çətinləşirdi. Gənc inqilabçı həbs yaxasından canını qurtarmaq üçün həyat yoldaşı ilə birlikdə İrana qaçır. İranda olduğu müddətdə ərəb dilini təkmilləşdirir və xalça toxumağı öyrənir.

Qohumlarının xatirələrinə görə vaxtaşırı kəndlərə çıxar, rənglər alar, sapları boyar və çoxlu işin arasında hana qurar və saatlarla ilməni ilməyə calayarmış.

1905-1907-ci illərdə İranın müxtəlif bölgələrində Ərdəbildə, Rəştdə yaşayandan sonra oradakı mövhümahtçı mühitdən sıxılıb Gəncəyə qayıdır. Xədicə xanım məktəb müdiri, Həsən bəy də həkim kimi fəaliyyətini davam etdirir.


(Xədicə xanım və nəvəsi Sevda Pepinova)

Sevda Pepinova: “Nənəm danışardı ki, Həsən bəy yerində sakit duran adam deyildi. Həmişə daxilində yenilikçilik, böyük işlər görməyə can atma vardı. Həkimliyini edə-edə “Molla Nəsrəddin”ə məqalələr yazar, dövrünün çox oxunan qəzetlərində bolluca çıxışlar edərdi. Gəncədə rus dilində nəşr edilən “Kavkazskiy vestnik” qəzetinin redaktoru olub”.

Həsən bəy Nəsib Bəy Yusifbəyli ilə birgə Gəncədə 1917-ci ildə ilk mərhələ olaraq Azərbaycan Rusiya tərkibində muxtariyyət tələb edən “Türk ədəmi-mərkəziyyət” partiyasını yaradır. Daha sonra 1917-ci ilin sentyabrında "Müsəlman Demokratik Müsavat"və “Türk Ədəmi –Mərkəziyyət ” partiyaları əvəzində yaranan “Müsavat” firqəsinin mərkəzi komitəsinin üzvü seçilir. 1917-ci ilin dekabrında isə Zaqafqaziya seyminin üzvü olur. Bir il sonra isə müavin olaraq məsləhət görülür...

1918-ci il dekabrın 7-də günorta saat 13.25-də iclasını başlayan Azərbaycan parlamentinə sədr seçiləndə Əlimərdan bəy Topçubaşov özü Azərbaycanda yox idi. Türkiyədə idi. 1919-cu ilin yanvarında isə Azərbaycan nümayəndə heyyətinin başçısı təyin edilərək Parisə getdi. 1919-cu ilin dekabrın 29-da Əlimərdan bəy növbəti seçkidə yenə qiyabi olaraq sədr seçildi. Ancaq 16 ay ərzində o, bir dəfə də olsun sədr kürsüsünə əyləşmədi. Və parlamentə Həsən bəy Ağayev rəhbərlik etdi. Qəbul edilən ilk qanunların altında onun imzası vardı...



Fətəli xan Xosykinin ilk baş nazir olmasının səbəbkarı Həsən bəy olub.
Parlamentin 1918-ci il dekabrın 10-da keçirilən ikinci iclasında ona həvalə edilmişdi ki, məsləhət bildiyi adamı baş nazir seçsin. Həsən bəy yubatmdan Xoyskiyə məktub göndərib məsələni ona açmışdı. Fətəli xan səhhətinin belə bir ağır vəzifəni aparmağa imkan vermədiyini bildirmişdi. Həsən bəy isə onu yola gətirməyi bacarmışdı.

Sevda Pepinovanın xatirələrindən: “Nənəm danışardı ki, Həsən bəy həkim işləyəndə çox yaxşı dolanardıq. Ən çox korluğu onun parlaman sədri işlədiyi vaxtda çəkmişik. Dövlət yeni yaranırmış, parlamentin katibliyini təmin etməyə pulu çatmırmış. Babam öz maaşını katibliyin işçiləri arasında bölüşdürürmüş. Bəzən çatmayanda xahiş edər, 2-3 aylıq məvacibini alıb tabeçiliyində olan işçilərə paylayar, özü isə əmək haqqısız qalardı. Nənəm deyirdi ki, soruşurdum bəs biz necə dolanaq? “Dözümlü ol, ay Xədicə, sənin müəllimə maaşın bizə kifayətdir. Nə olar, bir az qənaətlə yaşayarıq",- deyib təsəlli ilə başımı qatırdı”.

11-ci ordu Bakıya gələndə Həsən bəy artıq sədr kürsüsündən istefa vermişdi (Parlamentin 120-ci iclasından sonra)və 1920- ci aprelin 9-da Tiflisdə sülh məsələlərinə həsr edilmiş Zaqafqaziya konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirdi. 28 aprel gününü isə Gəncədə qarşılayır və burada qalmağın təhlükəli olduğunu anlayaraq yenidən Tiflisə qayıdır. Oradan Nəriman Nərimanova məktub göndərib deyir ki, siyasi fəaliyyətimi dayandırmışam, Bakıya qayıdıb həkim kimi çalışmaq istəyirəm. Nərimanov isə ona nəinki Bakının, Tiflisin belə təhlükəli olduğunu deyərək xəbərdarlıq edir. Təhlükənin fərqində olan Həsən bəy iyulun 20-də Tiflisdən Batuma, oradan da gəmiylə Türkiyəyə getməyə hazırlaşır.



***
1920-ci ilin iyulunda Xədicə xanıma Tiflisdən xəbər çatdırırlar ki, Həsən bəy yaralıdır. Yollar, sərhədlər bağlıymış. Xədicə xanım çox böyük çətinliklə əsgər vaqonunda özünü Gəncəyə çatdırır. Oradan da Qazaxa gedir. Tiflisə getmək üçün icazəni sərhədçilərdən almaq lazımmış. Xədicə xanım buraxılış məntəqəsinə yaxınlaşanda görürü ki, Əliheydər Qarayev(SSRİ zamanı ilk ədliyyə və əmək xalq komissarı) dəstəsi ilə burada durub. Qarayev onu görüb yanındakılardan birini onun yanına göndərir:“Tiflisə getmək istəyirsinizsə, sizə icazə var”.

Bundan sonra o, başa düşüb ki, Həsən bəy sağ deyil və Əliheydərin bu işdə əli var və hər şeydən xəbərdardır...

Tiflisdə Həsən bəyin çoxlu dostları varmış və bu ağır günlərdə ən etibarlı gürcü dostlarından birinin evində qalırmış. İyulun 19-da axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlib deyir ki, yaxın dostlarından bir neçəsi burada bir evdə yığışıb və Həsən bəyi görmək istəyirlər. Ev yiyəsi Həsən bəyi getməməsi üçün dilə tutur. Ancaq o deyir: "Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”. Mustafa Mərdanov da onları arxayın edir ki, necə aparırlar, elə də qaytarıb gətirəcəklər.

İki saat keçəndən sonra qapının zəngi çalınır, qapının zənginin çalınması ilə güllənin açılması bir olur. Həsən bəyin qana bulamış cəsədi yerə yıxılır.

***

Xədicə xanım ərinin qırx mərasiminə kimi Tiflisdə qalır. Hər gün onun Mirzə Fətəli Axundovla yanaşı qəbrini ziyarət edir. 1941-ci ilə kimi hər il gəlib baş çəkirmiş. Həmin gürcü ailəsi isə vəfa göstərib, onun məzarından muğayat olarmışlar. Xədicə xanıma sonradan bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevdir, Mustafa Mərdanov isə onun agentlərindənmiş.


(Həsən bəyin son şəkli. Qətlinə günlər qalır)

***
Xədicə xanımın əzab və əziyyətləri isə Bakıya qayıdandan sonra başlayır.
Vrangel küçəsi 7-də, indiki Səadət sarayının yaxınlığında iki mərtəbəli binada yaşayırdılar. Bu evi Ağayevlər ailəsinə 1918-ci ildə vermişdilər. 8 otaqlı ikinci mərtəbədə Həsənbəygil, birinci mərtəbədə isə onun iki mühafizəçisi qalırmış. Ancaq işğaldan sonra həmin ev 11-ci ordunun qərargahına çevrilir. Xədicə xanımı küçəyə atırlar və o, Kirova müraciət edir. Kirov əvəvlcə onunla kobud rəftar edir, ancaq müəllimə olduğunu və müqəddəs Nina gimnaziyasında dərs dediyini biləndə güzəştə gedir. 4 qadına bir otaq ayırırlar. Mənzildəki bütün əşyaları müasdirə edirlər, onlara yalnız 4 bıçaq, 4 çəngəl, 4 boşqabaq, 4 nəlbəki və paltarlarından bir dəst verirlər. Ancaq Xədicə xanım anlayırdı ki, rus əsgərləri ilə 3 qız bir evdə qala bilməz. Buna görə də Poçtovaya küçəsində ala–babat mənzil tapır və oraya kirayə köçür.


(Xədicə xanım Tağıyev məktəbində müəllimələrlə birgə)

1921-ci ilin yayında Həsən bəyin qardaşlarını, əmisi və dayısı uşaqlarını, əmisi nəvələrini və bacısnın ərini həbsə salırlar. Həmin ərəfədə Həsən bəyin bacısı Zəhra Xədicə xanıma məktub göndərir ki, qızın Xurşidi yanımıza Gəncəyə göndər, bir müdətdə bizdə qalsın. Onun əsil məqəsdi isə heç də qardaşı qızını görmək, qayğısına qalmaq olmur...

Həmin vaxt ictimai təminat komissarı olan peşəkar bolşevik Möhsün Qədirli həm də Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komissiyasının sədri idi, vəzifəsindən istifadə edərək Gəncə İnqilab Komitəsində at oynadırmış. Ağayevlərin kütləvi həbsinə rəvac verəndə, məhz o imiş. Qohumların qarşısına şərt qoyubmuş ki, Xurşidi verin, kişilərinizi azad etdirim. Məhz bu səbəbdən Zəhra xanım qardaşı arvadına məsələni açamadan Xurşidi gətizdirir. Onda Xurşidin 16 yaşı var imiş. Xurşid xanım qızı Sevdayla həmin günün xatirəsini bölüşərkən deyirmiş ki, gecə o tömərçə kişinin sifətinin bədheybətliyini, bu azmış kimi qozbel olduğunu görəndə dəhşətə gəldim. Onu yaxın buraxmadım, ailəvi yaxın olduğumuz gürcülərin evinə qaçdım.


Xurşid xanım

Həmin gürcü ailə Xədicəyə xəbər göndərib, onu məsələdən hali edir. Özünü tez Gəncəyə yetirən ana qızını Tiflisə, oradan da Nalçikə bacısı Zeynəbgilə aparır. Və xəlvətcə geri qayıdır. Xurşid 7-8 ay Nalçikdə qalmalı olur. Hadisə sovuşduqdan sonra geri qayıdır.

Həmin dövrün qayda-qanunlarından biri də o imiş ki, pasportları yığırmışlar. Kimin pasportu geri qayıtmırdısa, o sürgün ediləcəkmiş... Xədicə xanım hər dəfə pasportlar yığılanda qohumları ilə görüşüb sağollaşırmış. O, düz otuz il qorxu ilə yaşayıb. Həmişə boxçası evin bir küncündə hazır olarmış. Deyərmiş ki, əgər gəlib məni aparsalar, Həsən bəyin şəkilləri sobanın yanındakı odun qalağının altındadır.



***
Xədicə xanım Sibirin, Qazaxstanın çöllərinə sürgün olunmadı. 3 qızını və 2 nəvəsini fədakarcasına, min bir əziyyətlə böyüdüb başa çatdırdı. O, “mənim ömrüm daha balalarımınkidir” - deyərdi.

Ancaq övladları daima siyasi ab-havanın məngənəsində sıxıldı, təqiblərə, təzyiqlərə məruz qaldılar.

Böyük qızları Xurşid Ağayeva (1905-1953) pianoçu, Azərbaycan Türklərindən ilk musiqişünas qadın idi. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləmişdi. Üzeyir Hacıbəyovun rektorluğu dönəmində Konservatoriyanın prorektoru olub. Musiqi nəzəriyyəsi və tarixi üzrə dərslikləri ana dilimizə ilk dəfə çevirən şəxs məhz odur.

Xurşidin ailəsinin dağılmasına səbəb həyat yoldaşı Əhməd bəy Pepinovun repressiya olunması idi. Həbs olunanda Əhməd bəy özü qaynanası Xədicə xanıma deyib ki, Xurşud istəsə, ondan boşanıb başqası ilə ailə həyatı qura bilər.

“Xədicə xanım, Xurşidə deyin məndən boşanmaq haqqında ərizə versin, tutulanlardan çoxunun ailələrini də sıxışdırırlar. Mənim adım üstündə olmasın, ziyan gətirər ona. İstəsə ərə də gedə bilər”.

Xurşid xanım boşanmışdı. Az sonra Əhməd bəyin Xalq Maarif Komissarlığında katibi olan Bahadur Eyvazova ərə getmişdi. Onların qızı Sevda Pepinovanı isə o vaxtdan nənəsi Xədicə saxlamışdı. Beləliklə, ana balaya, bala da anaya həsrət qalmışdı. 7 yaşlı Sevda "xalq düşməni"nin qızı olduğuna görə Bahadur Sevdanın onlara gəlib-getməyinə icazə vermirdi. Son saatlarında Xurşid həmişə Sevda xanıma "Bağışla məni, Sevda, bağışla...” - deyirmiş..



Ailənin ikinci qızı Gülruxun (1908-1951)da taleyi qara gətirmişdi. O, Tibb Universitetində oxuyarkən tanış olduğu milliyətcə yəhudi olan Aleksandr Sorokerin ilə ailə həyatı qurmuşdu. Hələ universitetdə oxuyarkən onların sevgisi valideynlərinin qulağına çatanda hər iki tərəf buna etraz etmişdi. Xədicə xanım: "Nə? Ölüm ondan yaxşıdır! Həsən bəyin qızı cuhuda ərə gedəcək?”,- demişdi.

Aleksandrın atası Qustav Naumoviç isə “bizim ailə hara, aziatka hara”,- deyə etiraz etmişdi. Oğlunu Gülruxdan uzaqlaşdırmaq üçün tanınmış neft mütəxəssisi olan Naumoviç Azneftin rəhbərliyindəki vəzifəsini buraxıb həyat yoldaşı və oğlu ilə birgə Moskvaya köçmüşdülər. Düşünürdülər ki, gözdən uzaq, könüldən iraq olacaqlar. Ancaq nahaq yerə... Gənclər universtiteti bitirən kimi ailələrinin razılığı olmadan Moskvada nikah bağlayırlar. Valideyinlərinin “Ya biz, ya o?” şərti qarşısında bir-birlərini seçirlər. Xabarovsk diyarının lap qurtaracağına Nikolsk–Ussiriyskə köçüb həkim kimi işləyirlər. Fərid adlı bir oğulları da varmış. Soyuqa, sazağa baxmayaraq sevgiləri ocaq imiş onlar üçün. Ailələri də onları uşağın xatirinə yavaş-yavaş bağışlamağa başlayır. Qaynanası Sofya Fyodorovna Gülrux haqqında deyirdi: "Bunların da içində babatları olurmuş. Mən təsəvvür etməzdim ki, azərbaycanlıların arasında belə yüksək mədəniyyətə malik qadın olar”.



Həyatlarında hər şey qaydasında gedirmiş. Ancaq repressiyanın kölgəsi burada da onları buraxmır. Arxalarınca sürünür... 1937-ci ildə Saşanın atasını və özünü sürgün edirlər. Saşanı Yapon kəşfiyyatının casusu olmaqda suçlayırlar. Gülrux xanımın özünü də ərinin yanına - Qazaxıstana sürgün edirlər. Gülrux həmin vaxt yatalaq olmuş 4 yaşlı Fəridi tanış bir ailəyə tapşırır, anasına teleqram vurur ki, uşağı gəlib aparsın. Həyat yoldaşı isə bir ayın içində qəfildən keçinir. Beləliklə, həyat yoldaşını itirən Gülrux övladından narahat, içini yeyə -yeyə sürgünə göndərilir.

11 il sürgündə qalan ana Fəriddən yalnız 1945-ci ildə Bakıya göndərdiyi məktub əsnasında xəbər ala bilir ki, övladı yaşayır. Bu müddət ərzində oğlu Xədicə xanımın himayəsində böyüyür. Xədicə xanım Fəridə övladı kimi baxır, ona Ağayev soyadını verir.

Anası sürgündən qayıdanda Fəridin 15 yaşı varmış, aradan uzun zaman keçmişdi, o, anasına isinmirdi və isinməyəckdi də...


(Sağdan: Saşa, Səltənət, Sevda, Xədicə xanım, Səadət xanım(Zeynəb xanımın qızı)Xurşid, Gülrux)

Bakıda qalmasına icazə verilmədiyindən Gülrux oğlunu götürüb Xanlara (İndiki Göygöl rayonu) köçür və sürgündə olduğu kimi həkim işləyir. Ancaq orada heç 3 il yaşamır, ağır xəstəlik başının üstünü alır. Bütün qoltuqaltı vəziləri şişir. 1951-ci ildə Moskvada deyirlər ki, “evə aparın, daha əlac yoxdur”. O, oğluna vəsiyyət də etmişdi: "Bilirsən ki, mən millətçi deyiləm, özüm də yəhudiyə ərə getmişəm. Ölüb eləyərəm, səndən axırıncı xahişim budur ki, kimi alırsan al, rus olsun, yəhudi olsun, lap zənci olsun. Bircə erməni alma".

Anasından sonra Fərid Politexnik İnstitutunu bitirir. Moskvadakı nənəsi onu Minskdə avtomobil zavoduna işə düzəldir. Təəssüf ki, Həsən bəyin soyadını daşıyan Fərid erməni qızı ilə evlənib orada qalır...

Sevda Pepinova: “Bu xəbəri eşidəndə nənəmin (Xədicə xanımın) beli sındı”



Ailənin kiçik qızı Nəzakət Orucova (1910-1979) da bacıları kimi Həsən bəyin qızı olmanın bədəlini ödəmişdi.

1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün Azərbaycan Pedaqoji İnstitutunun 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmişdi. Professor adını almışdı. Uzun illər Azərbaycan Elmlər Akademiyasının xarici dillər kafedrasının müdiri işləyib. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlib.

Nəzakət xanım 1979-cu ildə səfərdə olarkən vəfat edib. Bakıya onun tabutu gətirilib...

(Nəzakət Ağazadə, May 1960)

Qeyd: Yazıda millət vəkili Rafael Hüseynovun "Millətin zərrəsi" kitabındakı faktlardan istifadə olunub.

Hazırladı: Şahanə Rəhimli
AzVision.az


Teqlər: Həsən-bəy-Ağayev   Cümhuriyyət  





Xəbər lenti