Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
  01 Mart 2018    Oxunub:1131
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevralda növbəti monitorinq həyata keçirib.
Departamentdən AzVision.az-a verilən məlumata görə, fevralın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi fevralın ikinci ongünlüyünə nisbətən saniyədə 17 kubmetr azalaraq saniyədə 181 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda və Ağstafaçay su anbarında 3 dəfə yol verilən qatılıq həddini keçib.

Fevralın üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.90-7.30 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az


Teqlər: ETSN   Kür   Araz  





Xəbər lenti