"Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparır" - Prezident
Nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası Prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırdı.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm əsaslar üzərində uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev və Mərakeşin mərhum Kralı tərəfindən qoyulduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin və dini tolerantlığın hökm sürdüyünü, ölkəmizin bu istiqamətdə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən İslam Həmrəyliyi Oyunlarının, müxtəlif beynəlxalq sərgi və konfransların keçirildiyi bir məkana çevrildiyini vurğuladı. Bu baxımdan İslam mədəniyyətinin qorunması ilə bağlı Azərbaycanın Avropada keçirdiyi təqdimatların, ISESCO tərəfindən Naxçıvanın bu il, Bakının isə bir neçə il bundan əvvəl İslam mədəniyyəti paytaxtı seçilməsinin önəmini qeyd etdi. Bu gün Azərbaycan dünyada vüsət alan islamofobiyaya qarşı fəal mübarizə aparır və bu baxımdan ölkələrimiz beynəlxalq aləmdə eyni mövqe nümayiş etdirir.
İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi, bu baxımdan qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu bildirdi.
Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident