Səyyar "ASAN xidmət" yeni məntəqələrdə

Səyyar "ASAN xidmət" yeni məntəqələrdə
  05 Mart 2018    Oxunub:1668
Səyyar “ASAN xidmət” martın 5-dən 17-dək Oğuzda, martın 5-dən 19-dək Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara xidmət göstərəcək. Bundan başqa, səyyar avtobuslar fevralın 28-dən martın 19-dək Beyləqanda, martın 3-dən 17-dək Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: ASAN-Xidmət   Səyyar-ASAN  





Xəbər lenti