Ombudsman Aparatında seçki ilə bağlı treninq keçirilib
Aparatın rəhbəri bildirib ki, Müvəkkil ötən müddət ərzində MSK ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in, geniş ictimaiyyətin iştirakı ilə əhali arasında seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib.
Prezidentin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və Aparatın əməkdaşlarının, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı prezident seçkilərini də müstəqil müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.
MSK-nın Media və İctimai Əlaqələr şöbəsinin müdiri Şahin Əsədli prezident seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, Müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını və monitorinqlərini yüksək dəyərləndirib. O, seçki qanunvericiliyi və təcrübəsi, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, habelə MSK tərəfindən həyata keçirilən silsilə maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.
Ombudsman Aparatı əməkdaşlarının seçki prosesinin həyata keçirilməsi, müşahidəçi kimi hüquq və vəzifələri, habelə müşahidə aparılması ilə bağlı çoxsaylı sualları ətraflı cavablandırılıb.
AzVision.az