QRU satqınları diri-diri yandırırdı – Rusiya Hərbi Kəşfiyyatının gizli tarixi (DOSYE)

QRU satqınları diri-diri yandırırdı – Rusiya Hərbi Kəşfiyyatının gizli tarixi (DOSYE)
  08 Mart 2018    Oxunub:22088
Bugünlərdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın İngiltərədə öz qızı ilə birlikdə zəhərlənməsi böyük siyasi qalmaqala səbəb ola bilər. İngiltərə hökumətinin “COBRA” adlandırılan fövqəladə məsələlər komitəsi təcili toplanaraq, vəziyyəti müzakirə edib. Bəzi siyasi qüvvələr isə baş nazir Tereza Meydən Rusiya əleyhinə kəskin bəyanat səsləndirməsini istəyirlər.
S.Skripal Baş Kəşfiyyat İdarəsində işləyən ikili agent olub və Rusiyada həbs ediləndən sonra Qərbdəki ifşa olunmuş bir neçə rus agentinə dəyişdirilib. Zəhmli Baş Kəşfiyyat İdarəsinin tarixində bu ilk, belə hal deyil. Dünyanı lərzəyə gətirən, hətta sovet dövründə KGB-ni belə kölgədə qoyan bu təşkilatın tarixinə və orada baş verən bəzi hallara nəzər salaq.

Rusiyada hərbi kəşfiyyat 1918-ci il oktyabr ayının 21-dən bugünədək müxtəlif adlar altında fəaliyyət göstərib. Həmin dövrdən etibarən Qırmızı Ordu qüdrətli və nəhəng struktura çevrilməyə başladığından, onu idarə edən Baş Qərargah da ordunun “beyin mərkəzi” idi. Lakin Qərargahın reaksiyası ləng və qeyri-dəqiq olurdu. Rəqib barədə məlumatlar Fövqəladə Komissiya (ÇK) vasitəsilə əldə edilirdi. Lakin Baş Qərargahın prioritetləri məxfi polisinkindən fərqləndiyi üçün Hərbi kəşfiyyat sahəsini Baş Qərargahın səlahiyyətlərinə tabe etmək qərarı qəbul edildi.

Rusiya Hərbi Kəşfiyyatı İnqilabi Hərbi Şuranın sədri Lev Trotskinin əmri ilə yaradılmışdı. Birinci Dünya müharibəsi dövründə rus ordusu kəşfiyyatının veteranlarından olmuş Semyon Aralov Hərbi Kəşfiyyatın ilk rəisi təyin edilmişdi. Ordunun və cəbhələrin kəşfiyyat xidmətinin fəaliyyətinin koordinasiya edilməsi və Qırmızı Ordunun Baş Qərargahı üçün informasiya hazırlığı məqsədilə yaradılmış bu strukturun ilk rəsmi adı “Fəhlə-Kəndli Qırmızı Ordusunun Səhra Qərargahının Qeydiyyat İdarəsi” idi.

Strateji və əməliyyat kəşfiyyatı aparmaqdan əlavə, Lev Trotskinin təkidilə ilk günlərdən hərbi-texniki informasiya, hərbi sahədə qabaqcıl elmi nailiyyətlər barədə məlumatların əldə edilməsi istiqamətində iş aparılmağa başlanılmışdı. Sonralar Sovet Hərbi kəşfiyyatı rəsmi sənədlərdə Baş Qərargahın Dördüncü İdarəsi adlandırılmağa başladı.

“Baş Kəşfiyyat İdarəsi” adı 1942-ci ilin iyun ayında qəbul edildi. S.Aralovdan sonra Hərbi kəşfiyyata 1919-cu ildə peşəkar hərbçi Sergey İvanoviç Qusev, 1920-ci ildə Kommunist Partiyasının VIII qurultayında hərbi müxalifətə keçən “sol kommunist” Georgiy Leonidoviç Pyatakov rəhbərlik ediblər.

1920-ci ilin aprel ayında Partiyanın Hərbi Kəşfiyyatı tamamilə özünə tabe etməsi cəhdləri nəticəsində Moskvada Hərbi kəşfiyyat və Rusiya Kommunist Partiyasının Xarici Bürosu arasında qarşılıqlı əlaqələrə dair Təlimat qüvvəyə mindi. Sənəddə qeyd edilirdi ki, Rusiya İnqilabi Silahlı Qüvvələrinin Qeydiyyat İdarəsi mərkəzi kəşfiyyat orqanıdır və yerlərdəki kəşfiyyat fəaliyyətinə Rusiya Kommunist Partiyasının Xarici Bürosu vasitəsilə rəhbərlik edir. 1940-cı illərdə generalissimus İosif Stalinin göstərişi əsasında hərbi kəşfiyyat sahəsi faktiki olaraq dövlət təhlükəsizlik orqanlarının nəzarəti altında fəaliyyət göstərirdi.

1949-1952-ci illərdə Matvey Zaxarovun rəhbərliyi dövründə Baş Kəşfiyyat İdarəsinin döyüş potensialı gücləndirilib. 1950-ci ilin may ayında SSRİ-də hər biri yüz iyirmi nəfərdən ibarət olmaqla qırx altı əlahiddə xüsusi təyinatlı rota yaradılıb. Bu, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin Xüsusi Təyinatlıları idi. 1957-ci ilin avqust ayının 20-də SSRİ müdafiə naziri marşal Georgi Jukov Baş Kəşfiyyat İdarəsinin rəis müavini Hacı Mamsurova sülh dövründə BKİ-nin nəzdində təxribat məktəbləri şəbəkəsi yaratmaq göstərişi verdikdən sonra DTK tərəfindən bu məlumat dərhal G. Jukovun Siyasi Bürodakı rəqiblərinə məruzə edildi. Bonapartizmdə günahlandırılan müdafiə naziri dövlət çevrilişi cəhdində ittiham edilməsi ilə əlaqədar tutduğu bütün vəzifələrdən uzaqlaşdırıldı və istefaya göndərildi. SSRİ müdafiə naziri vəzifəsinə isə onun müavini Rodion Malinovski təyin edildi. Yeni rəhbərliyin gəlişi ilə yenidən BKİ rəisi vəzifəsinə 1956-ci ildə Jukov tərəfindən bu vəzifədən uzaqlaşdırılmış general-leytenant Mixail Alekseyeviç Şalin təyin edildi.

1958-1963-cü illərdə İvan Aleksandroviç Serov DTK sədri vəzifəsindən azad olunduqdan sonra SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini olur. Serov BKİ-yə gəldikdən sonra onun iş rejiminə müdaxilə etməmək və orada struktur islahatları aparmamaq siyasətinə üstünlük verdiyindən, peşəkar hərbi kəşfiyyatçılar onu yüksək qiymətləndirirdilər. Onun dövründə DTK və BKİ arasında informasiya mübadiləsi sahəsində müəyyən irəliləyişlər nəzərə çarpır. DTK əməkdaşları öz sabiq rəhbərlərinin imzası ilə gələn sorğulara hörmət və diqqətlə yanaşırdılar.

Lakin Serovun BKİ-yə rəhbərlik etdiyi dövrdə orada korrupsiya vüsət almağa başladı ki, bundan da Qərb ölkələrinin xüsusi xidmət orqanları istifadə edərək, hərbi kəşfiyyatın bir sıra zabitlərini konfidensial əməkdaşlığa cəlb edə bilmişdilər. Onun xarici dilləri bilməməsi, xarici siyasət məsələləri barədə məlumatsızlığı, söz ehtiyatının məhdudluğu, əməliyyat müşavirələrində və iclaslarda əsasən Beriya və onun ətrafı barədə kəskin tənqidi fikirlər səsləndirməsi, sinfi, inqilabi və çekist sayıqlığının artırılması barədə xəbərdarlıqları kəşfiyyat strukturunda işin səmərəli aparılmasına mane olurdu. Yalnız Beriyanın ifşa kampaniyası başa çatdıqdan sonra Serov onun özbaşınalıqları nəticəsində zəifləmiş kəşfiyyatı yenidən gücləndirməyə, rezidenturaları yenidən formalaşdırmağa başladı.

1963-1987-ci illərdə BKİ-yə DTK sədrinin birinci müavini, ordu generalı Pyotr İvaşutin rəhbərlik edib. Onun dövrü korporativ maraqların mühafizəsi ilə yadda qalsa da, iyirmi iki il ərzində SSRİ-nin hərbi sirrlərini ABŞ-a ötürmüş Polyakovun satqınlığı və s. hadisələr BKİ-nin qüsursuz kəşfiyyat orqanı obrazına ciddi zərbə vurub.

Baş Kəşfiyyat İdarəsi dünyada ən məxfi və sarsılmaz təşkilatlardan biri hesab olunsa belə, onun tarixində də müəyyən iflas hadisələri və istisnalar var.

“Popovun işi”

1953-cü ilin yanvar ayında Baş Kəşfiyyat İdarəsinin əməkdaşı polkovnik-leytenant Pyotr Popov Vyanada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələrinə öz təşəbbüsü ilə xidmətlərini təklif edib. O, SSRİ xüsusi xidmət orqanlarında ABŞ-ın ilk agenti olub. Buna səbəb onun avstriyalı qadını sevməsi idi. Bundan sonra MKİ-də onunla əməkdaşlıq etmək və SSRİ-dən olan “köstəbəklərlə” iş aparmaq üçün rus dilini bilən Corc Kizvalterin başçılıq etdiyi “SR-9” adlı xüsusi şöbə yaradıldı. O, amerikalılara BKİ-nin Avstriya rezidenturası, SSRİ-nin Avstriya və Şərqi Almaniyadakı siyasəti barədə bildiyi bütün məlumatları açıqlamışdı.

1958-ci ilin dekabr ayında (bəzi mənbələrdə 1959-cu ilin yanvar ayında) Amerika kəşfiyyatının Baş Kəşfiyyat İdarəsinin polkovnik-leytenantı P. Popovun ünvanına göndərdiyi məxfi məktub DTK tərəfindən ələ keçirildi və o, həbs edildi. 1959-cu ilin oktyabr ayında DTK-nın Popovun özünün köməyindən istifadə etməklə həyata keçirdiyi əməliyyat MKİ-nin Moskvadakı rezidenturasının tapşırığına əsasən onunla əlaqəyə çıxan ABŞ səfirliyinin attaşesi Rassel Lanjellinin cinayət başında yaxalanması ilə nəticələndi. Lakin bəzi mənbələrdə MKİ ilə əməliyyat oyununa cəlb olunmaq təklifindən imtina edən Popovun amerikalıları öz həbsi barədə xəbərdar etdiyi göstərilir.

1960-cı ilin yanvar ayında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası vətənə xəyanət etdiyi üçün BKİ-nin keçmiş əməkdaşı P.Popovu ən ağır cəzaya - güllələnməyə məhkum etdi. Qərb mətbuatının yazdığına görə isə, o, BKİ-nin digər satqın əməkdaşlarına dərs olsun deyə, krematoriyada diri-diri yandırılmışdı.

“Vennerstrem işi”

İsveç əks-kəşfiyyatı – SEPO 1960-cı ilin iyun ayında MKİ-nin SSRİ Baş Kəşfiyyat İdarəsindəki agenti general Polyakovdan İsveçin Hərbi kəşfiyyat orqanında BKİ-nin “Qartal” və ya “Vikinq” adlı agentinin olması haqda məlumat almışdı. Bundan sonra onun izinə düşülmüş və Stiq Vennerstremin şəxsi məxaricinin analizi aparılmışdı.

BKİ-nin “Qartal”/”Vikinq” təxəllüslü agenti S.Vennerstrem Sovet hərbi kəşfiyyatının ABŞ-da elmi-texniki kəşfiyyat istiqamətində fəaliyyət göstərən ən qiymətli agentlərindən biri idi. İsveç Hərbi Kəşfiyyatı – MUST-un əməkdaşı S.Vennerstrem ABŞ-da öz vətəni olan İsveç və xeyrinə casusluq etdiyi SSRİ hərbi kəşfiyyatı üçün çoxsaylı hərbi texnologiyalar və müasir növ silahlar əldə etmişdi.

SSRİ BKİ tərəfindən Moskvada konfidensial əməkdaşlığa cəlb edilmiş İsveç Hərbi kəşfiyyatının polkovniki S.Vennerstrem ikili agent karyerasına 1948-ci ildə başlamışdı. 1952-ci ilin mart ayında o, Vaşinqtondakı İsveç səfirliyində aviasiya attaşesi vəzifəsini tutmaq üçün ABŞ-a gəlmişdi. Moskva onu yeni bombardmançılar, qırıcılar, idarəolunan raketlər, radiolokatorlar, yüksəktezlikli radio və müasir fotokəşfiyyat cihazları barədə istənilən növ məlumat toplayaraq, Mərkəzə göndərmək istiqamətində təlimatlandırmışdı. O, kəşfiyyat əhəmiyyəti kəsb edən sənədlərin fotoşəkillərini çəkməli və onları ABŞ-da hərbi attaşe örtüyü altında fəaliyyət göstərən SSRİ Baş Kəşfiyyat İdarəsinin Vaşinqtondakı zabitinə verməli idi. MUST-un tapşırığına əsasən, Vaşinqtondakı İsveç hərbi-hava attaşesinin vəzifə səlahiyyətlərinə bu ölkənin Hərbi-Hava Qüvvələri üçün hərbi avadanlıq alınması və eyni zamanda hərbi-texniki kəşfiyyat istiqamətində fəaliyyət daxil idi.

Məlumatların əldə edilməsi mənbəyinə gəlincə, agentin öz etirafına görə, bu, o qədər də çətin deyildi. 1950-1953-cü illər Koreya müharibəsi başa çatmışdı və hərbi sifarişlərin sayı azalmışdı. Silah istehsal edən şirkətlər yeni alıcı tapmaq üçün çalışırdılar və ünsiyyətcil S. Vennerstrem üçün onlarla görüş keçirmək çətin deyildi. Əksinə, onlar özləri “Qartal”la görüşmək üçün təşəbbüskarlıq göstərirdilər.

“Qartal” Sovet və İsveç kəşfiyyatlarının bütün “sifarişlərini” müntəzəm şəkildə yerinə yetirən agentura şəbəkəsi yaratmışdı.

1957-ci ilin iyul ayında “Vikinq” İsveçə qayıtdı. Oktyabr ayında isə o, Müdafiə Nazirliyinin Baş Dəftərxanasının Aviasiya bölməsinin rəhbəri təyin eildi. Yeni vəzifəsində olan zaman o, ABŞ-ın idarəolunan raket sistemləri, o cümlədən “Hava-Hava”, “Sidewinder”, “Yer-Hava”, “Houk”, “HM-55”, “Bomark” raketləri barədə təfəürratlı məlumat verdi. İsveç Hərbi-Hava Qüvvələri və Müdafiə Nazirliyi arasında əlaqələrin təşkil edilməsi, Stokholmda fəaliyyət göstərən xarici hərbi attaşelərlə əlaqə saxlamaq “Vikinq”in vəzifə səlahiyyətlərinə daxil olduğu üçün o, Moskvaya qiymətli kəşfiyyat məlumatları ötürə bilirdi. Agentin kəşfiyyat imkanlarının geniş olması, xüsusilə dünyadakı texniki nailiyyətlərdən vaxtında məlumat ala bilməsi Sovet konstruktorlarına ABŞ-la texniki rəqabətdə vaxta və maliyyə vəsaitinə qənaət etmək imkanı verirdi.

Dəyəri milyon dollarlarla ölçülən hərbi materiallar almamışdan əvvəl mütəxəssislər müxtəlif silah sistemlərini müqayisə edərək onların hansının İsveçin tələblərinə və şərtlərinə uyğun gəldiyini müəyyən edirdilər. Nəticələr sənədli şəkildə rəsmiləşdirilir və agentin həmin sənədlərlə tanış olmaq və onların məzmunu ilə Moskvanı da tanış etmək imkanı yaranırdı.

Stiq Erik Konstans Vennerstrem 1960-cı ilin ortalarında qeyri-leqal şəkildə SSRİ-yə səfər etmişdi. Moskvada Sovet hərbi kəşfiyyatının konspirativ mənzilində o, Baş Kəşfiyyat İdarəsinin rəisi general İ.Serov tərəfindən qəbul edilmişdi. Audiensiya isveçli agentdə böyük təəssürat yaratdı, çünki general onun fəaliyyətini yüksək qiymətləndirdi və söhbətin gedişində isveçli polkovnikin Sovet agenti qismində tək İsveçdə deyil, həm də İspaniyada istifadə edilməsi barədə razılıq əldə edildmişdi.

“Vikinq” 1961-ci ilin oktyabr ayında təqaüdə çıxmış və 1963-cü ilin iyun ayında İsveç əks-kəşfiyyatının əməkdaşları ölkə hökumətinin Tərksilah məsələləri üzrə müşaviri və kral Qustav Adolfun yaxın dostu, Baş Qərargahın keçmiş polkovniki, Lenin ordeni ilə təltif edilmiş və SSRİ Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin general-mayoru rütbəsini daşıyan Stiq Erik Konstans Vennerstremi həbs edə bilmişlər. S.Vennerstremin evinə qulluqçu kimi işə düzəldilmiş SEPO-nun agenti K. Rosen onun malikanəsinin çardağındakı tikinti materiallarının içərisində casusluq ləvazimatları tapmışdı. Həbs edilən S.Vennerstrem SSRİ Hərbi kəşfiyyatı ilə on beş il müddətində əməkdaşlıq etdiyini səmimi etiraf etmişdi. 1964-cü ildə İşveç məhkəməsi Hərbi-Hava Qüvvələrinin polkovniki və SSRİ Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin agenti S.Vennerstremi SSRİ-nin xeyrinə casusluq etdiyi üçün ömürlük həbs cəzasına məhkum etmişdir. Lakin o, on ildən sonra azadlığa buraxılmışdı.

Amerika jurnalistlərinin iddialarına görə, “Vikinq”in Moskvaya ötürdüyü məlumatların arasında NATO-nun Şimali Avropanı müdafiə planı, Britaniya Hava-Hücumundan Müdafiə sisteminin əsasları, “Hava-Hava”, “Sidewinder”, “Falkon”, “Houk” zenit-raket kompleksi üçün zenit idarəedilən raketi barədə səciyyələndirici məlumatlar və s. olmuşdu.

“Fyodorovun işi”

Hərbi kəşfiyyatın qeyri-leqal kəşfiyyatçısı M. Fyodorov (Şistov) Meksikada fəaliyyət göstərmiş və burada ABŞ MKİ ilə əməkdaşlıq etməyə başlamışdır. Sovet kosmik proqramı haqda məlumatları amerikalılara ötürmüşdür. MKİ direktoru Alen Dalles Fyodorovu xüsusilə qiymətli agent hesab edirdi. 1958-ci ildə Fyodorov Moskvaya çağırılıb və MKİ əməkdaşları onu bir daha görməyiblər. Güman edilir ki, o da krematoriyada diri-diri yandırılmışdı.

“Penkovskinin işi”

Baş Kəşfiyyat İdarəsinin polkovniki Oleq Penkovski 1960-cı ilin avqust ayında ABŞ MKİ tərəfindən konfidensial əməkdaşlığa cəlb edilmişdi. Onun öz sözlərinə görə, səbəb 1960-cı ildə atasının ağqvardiyaçı olduğunu gizlətdiyi üçün Hindistana xidməti ezamiyyətə buraxılmaması olmuşdu.

1961-ci ilin aprel ayında sovet nümayəndə heyətinin tərkibində Londona gələn Penkovski ilə görüşdə Qərb ölkələrinin xüsusi xidmət orqanlarının rus dilini bilən dörd əməkdaşı - Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri Cey Bulik və Georgi Kizvalter, Mİ-6 Britaniya Xarici Əks-kəşfiyyatının rəisi Harold Şerqold və Maykl Stouks iştirak edirdilər.

Görüş iştirakçıları arasında “Qəhrəman” kod adı altında birgə əməliyyata başlanılmasına dair razılıq əldə edildi. Londondan qayıtdıqdan sonra amerikalılarla və ingilislərlə əməkdaşlığa razılıq vermiş və bu barədə iltizamnamə imzalamış polkovnik Penkovski məqsədyönlü casusluq fəaliyyətinə başladı. O, “Minoks” fotoaparatlarından istifadə etməklə xarici kəşfiyyat orqanlarının tapşırığına əsasən SSRİ Müdafiə Nazirliyində, Dövlət Plan Komitəsində və Atom Enerjisi üzrə Komitədə on min səhifəlik tam məxfi sənədin şəklini çəkdi. Bu məlumatlar SSRİ-nin nüvə proqramı, hərbi-hava qüvvələri, N. Xruşşovun xarici siyasət planlarına aid idi.

Bəzi analitiklər hesab edir ki, üçüncü dünya müharibəsi məhz O.Penkovskinin sayəsində başlamamışdı. Belə ki, 1962-ci ildə SSRİ və ABŞ arasındakı Karib böhranı zamanı prezident Kennedi SSRİ-nin müharibəyə başlamaq arzusunda və iqtidarında olmadığını dəqiq bildiyi üçün Kubanın bombardman edilməsi barədə göstəriş verməmişdi.

Əməkdaşlığın gedişində Penkovskinin adı MKİ və Mİ-6-nın məxfi sənədlərində “Aleksandr”, “Yoqa”, “Hirou” və “Yanq” təxəllüsləri ilə qeyd edilirdi.

MKİ və Mİ-6 agenti polkovnik O.Penkovski DTK orqanları tərəfindən 1962-ci ilin oktyabr ayında SSRİ DTK-nın Əks-kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Oleq Mixayiloviç Qribanovun kabinetində həbs edildi. Burada Penkovskiyə onun casusluq fəaliyyətini sübut edən sənədlər təqdim edildikdən sonra o, “Lefortovo” həbsxanasında müstəntiqlərə ifadə verməyə və Amerika kəşfiyyatçısını cinayət başında yaxalamaq üçün hazırlanmış əməliyyatda iştirak etməyə razılıq verdi.

SSRİ Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin polkovniki O.Penkovski 1963-cü ildə ən ağır cəzaya - güllələnməyə məhkum edildi. Bəzi məlumatlara görə isə o, krematoriyada diri-diri yandırılmışdı.

(Ardı var)

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Hərbi-kəşfiyyat   #QRU   #Vətənə-xəyanət  





Xəbər lenti