Partiya sədrləri: “Vidadi İsgəndərli xalq hərəkatının üzvü olmayıb”

Partiya sədrləri: “Vidadi İsgəndərli xalq hərəkatının üzvü olmayıb”
  09 Mart 2018    Oxunub:8719
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müxalifət təmsilçilərinə müraciət edərək onlardan özünü "hüquq müdafiəçisi" kimi qələmə verən Vidadi İsgəndərlinin Milli Azadlıq və Meydan Hərəkatında iştirak edib-etmədiyini soruşub.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli S.Novruzovun müraciətilə bağlı AzVision.az-a açıqlamasında əminliklə bildirib ki, V.İsgəndərli xalq hərəkatının üzvü olmayıb:

“Mən o zamanalar Vidadi İsgəndərlini tanımamışam. Nəinki rəhbərlər içində, sıravi üzvlər arasında da onu görməmişəm. Son bir neçə ildir ki, onun çıxışlarını izləyirəm. Əvvəllər haqqında heç bir məlumatım olmayıb”.

T.Kərimli qeyd edib ki, V.İsgəndərlinin mübarizə üsulu hüquqdankənardır və etik deyil: “Siyavuş Novruzov bu məsələdə çox haqlıdır. İnsan rəqib olsa belə bir-birilə etika çərçivəsində mübarizə aparmalıdır. Qurşaqdan aşağı zərbə endirmək olmaz. Əgər Vidadi İsgəndərlinin atasının xatirəsinə təhqiramiz hallar olubsa, rəsmi müraciət etməldir ki, dövlət bunu araşdırsın. Bütün bunlar seçkiyə hesablanmış təxribatdır. Mən özüm də vaxtilə radikal mövqedə olmuşam. Həm iqtidara, həm də müxalifətə qarşı. Ancaq, heç vaxt qanunu pozmamışam, etikadan kənar fikirlər bildirməmişəm. Ona görə də siyasi mübarizəni hüquqi və əxlaq müstəvisindən kənara aparmaq yolverilməzdir. Bu hərəkəti pisləyirəm”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Vidadi İsgəndərlinin Milli Azadlıq və Meydan Hərəkatında iştirakını xatırlamır: “Onun Milli Azadlıq və Meydan Hərəkatında iştirakı yadıma gəlmir. Dediyinə görə prokurorluq orqanlarında çalışıb. Belə bir adamı tanımamışam, məlumatım olmayıb. Necə Azadlıq hərəkatında iştirak edib ki, bizim xəbərimiz yoxdur”.

Qeyd edək ki, Azərbaycandan qaçaraq Avropaya sığınan V.İsgəndərli seçkiöncəsi şər-böhtan kampaniyasına başlayıb. O, guya atasının məzarının təhqir olunduğunu iddia edirdi. Kiçik araşdırma kifayət etdi ki, onun yalanları üzə çıxdı. Hətta yaxın qohumları da özünü xalq hərəkatının fəallarından hesab edən V.İsgəndərlini yalanlayaraq məzarın təhqir olunmadığını bildirdilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Vidadi-İsgəndərli   Tahir-Kərimli   Əli-Əliyev  





Xəbər lenti