“30 ildir “xruşovka”da yaşayıram, villalarım yoxdur” - Deputatdan cavab

  09 Mart 2018    Oxunub : 1096
“30 ildir “xruşovka”da yaşayıram, villalarım yoxdur” - Deputatdan cavab
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarı Siyavuş Novruzovun çağırışına cavab verib.

AzVision.az deputatın bununla bağlı bəyanatını təqdim edir:
- Vidadi İsgəndərlinin qeyri-etiq hərəkətlərilə bağlı müraciətilə tanış oldum və Siyavuş müəllim ölkənin bir çox siyasətçilərinə, ictimai-siyasi xadimlərinə o cümlədən mənə fikir bildirmək üçün müraciət edib.

Hər şeydən öncə qeyd edim ki, Siyavuş Novruzov əqidəli, tutduğu yola sədaqət və prinsipiallıq nümayiş etdirən, kəskin və birmənalı mövqeyi olan siyasətçilərdəndir. Və hazırda erməni cəmiyyətinin içərisinidə yer alan və bu iyrənc cəmiyyət tərəfindən idarə olunan Vidadi İsgəndərlinin tərbiyyəsiz davranışlarına qarşı etik normaları ciddi şəkildə qoruyaraq, öz etirazını ortaya qoyur, qarşı tərəfi sivil siyasi mübarizəyə dəvət edir.

Mən konyukturadan kənar, tam səmimiyyətlə qeyd etmək istərdim ki, Vidadi İsgəndərlinin atasının qəbrinə qarşı bu cür əxlaqdan kənar hərəkətlərə yol verilibsə, mən bunu qəti şəkildə qınayıram. Lakin tam əminəm ki, bu cür davranışlar ölkə prezidentinin və onun ailəsinin söykəndiyi dəyərlərə, onların yüksək, elitar səviyyəsilə tam zidiyyət təşkil edir. Yaradılmış xoşagəlməz vəziyyətlə bağlı V.İsgəndərlinin dövlət başçısı İlham Əliyevə, onun ailəsinə, eyni zamanda, hüquq mühafizə orqanlarının rəhbərlərinin özlərini, ailə üzvlərini tərbiyyəsiz sözlərlə təhdid etməsi yolverilməzdir, əxlaqsızlıq nümunəsidir və cinayətdir.

Özünü hüquq-müdafisəçisi kimi təqdim edən şəxs öz hüququnu müdafiəyəyə qalxarkən başqalarını təhqir və təhdidlərlə mənəvi terrora məruz qoymalı deyil. Bu cür davranış prezident seçkiləri dövründə Antiazərbaycan qüvvələrinin düşünülmüş mübarizə formasıdı və ona qarşı ciddi təpki göstərilməlidir.

Fikirlərimdə də səmimiyəm. Azərbaycan xalqının böyük əskəriyyəti kimi mən də istiqlalamızın qorunub saxlanılmasında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində Ulu öndərimiz Heydər Əliyev amilinə söykənmişəm və bu gün də seçimimə sədaqətliyəm. Milli dövlətçilikdə ənənə çox mühüm amildir. Bu baxımdan Heydər Əliyevdən sonra dövlətçilik ənənəsinin yaradılması və onun dönməz xarakter daşıması olduqca aktual və taleyüklü məsələ idi. Bunu dərindən bilən və şəxsi ambisiyalardan uzaq, dövlətin və ölkənin gələcəyini düşünənlər İlham Əliyev amilini önə çəkdilər. Tarix sübut etdi ki, onlar yanılmayıblar. İlham Əliyevin dövlətçiliyimiz qarşısında göstərdiyi müstəsna xidmətlər opponentlər üçün arqumentləşdirilmiş rəyə zəmin yaratmır. Və onlar əsəbdən, isterikadan doğan və acizlik əlaməti olan təhqirə və söyüşlərə əl atırlar və bununla da düşünülmüş şəkildə dövlət rəhbərinə, onun ailəsinə şər, böhtan atmaqla, əxlaqdan kənar ifadələr işlətməklə ermənilərə xidmət edirlər.

Mən əqidə adamıyam. 19 yaşından Azərbaycanımızı müstəqil və bütöv görmək arzusu ilə yaşayan və bu yolda çətin məhrumiyyətlərin içərisində olanlardanam. Yaşayışım da təm-təraqla deyil, 30 ildir “xruşovka” deyilən binada yaşayıram, villalarım, aşıb-daşan varidatım da yoxdur. Lakin həyatımdan və talehimdən razıyam.

Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı və minlərlə onlar kimi əqidə sahibləri də bütün təm-təraqdan uzaqdılar, məslək daşıyıcılarıdılar və seçimlərinə görə təhqirlərə məruz qalmamalıdırlar.

Əsil siyasət etikaya, siyasi əxlaqa söykənməli, insanlar təhqirlərə, söyüşlərə tuş gəlməməlidilər. Vidadi İsgəndərli, əgər hansısa sənin kimi birisi, hansı səbəbdən, hansı məqsədlə sənin atana qarşı əxlaqdan kənar hərəkət edirsə, sən onu edənlərə qarşı deyil, ağzı köpüklənə-köpüklənə Azərbaycan dövlətinin simvoluna, onun ailəsinə qarşı tərbiyyəsizlik edirsənsə bu sənin faciən, mənəvi düşgünlüyün, həm də atana, nəslinə qarşı hörmətsizliyindir. Dediyin hadisə baş veribsə bunu törədənə qarşı kəskin mövqe bildirməyin, həmin şəxslərin qanun çərçivəsində cəzalandırılmasını ölkə prezidentindın xahiş etməyin hər kəsdə - ermənilərin təsiri altında fəaliyyət göstərən Antiazərbaycan qüvvələri istisna olunmaqla, sənə qarşı hörmət yaradardı.

Hərəkət və davranışların o qədər ikrah doğurucudu ki, hətta, sənin doğma qardaşın, böyük hörmət bəslədiyim İsfəndiyar İsgəndərli İctimai Televiziyada bütün ailə adından səndən imtina etdiklərini dilə gətirdi və sənin əməllərinə görə onun vicdan əzabı çəkdiyi bütün veriliş boyu açıq şəkildə görünməkdə idi. Nə yazıqlar ki, Göyçayda böyük nüfuz sahibi olan İsgəndər kişinin “oğlu” Oktay və İsfəndiyar kimi əxlaqlı insanların “qardaşısan”!

Tam məsuliyyətlə deyirəm, İlham Əliyevin sənin və sənin kimilərlə problemi yoxdu. Çünki Sizlər millət-millət deyib, Azərbaycan dövlətçiliyinə zərbə vuran, onun imicini ləkələməyə çalışanlar olduqca cılız insanlar, İlham Əliyevsə Azərbaycan dövlətini cənub Qafqazın lider dövlətinə çevirən, onun beynəlxalq nüfuzunu yüksək səviyəyə qaldıran, dünyanın tanınmış öndərləri tərəfindən etiram və hörmət olunan, özünü təsdiq edən liderlərindəndi. Xarici ölkədə xüsusi himayə altında kamera arxasında barmaq silkələyib, söyüşlərlə gündəmdə qalmaq və təminatlı həyat sürmək mənəvi düşkünlükdü və Azərbaycana xəyanətdi.

P.S. Xalqımız azadlıq uğrunda mübarizəyə başlayandan bu günə qədər onun tam içərisində olanlardanam. Vidadi İsgəndərlini bu mübarizınin nə ortasında, nə də önündə görməmişəm. Ara –sıra müxalifətin keçirdiyi mitinqlərdə İsa Qəmbərin, Əli Kərimlinin yanında duraraq ekranın obyektinə tuş gəlməyə çalışan V.İsgəndərli bir gün xaricə getmək və daha yaxşı yaşamaq üçün “siyasi mühacir” adını qazanmağa çalışanlardan və buna nail olanlardandır. Vəssalam.

AzVision.az

Teqlər: