“Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir” – Prezident

“Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir” – Prezident
  12 Mart 2018    Oxunub:3527
“Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi hər il artır və Azərbaycan Gürcüstana qoyulan investisiyaların həcminə görə birinci yerdədir. Bu isə yaxşı investisiya mühitinin olmasının göstəricisidir”.
AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşündə bildirib.

“Hörmətli Baş Nazir, Azərbaycana xoş gəlmisiniz. Mən əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafına öz töhfəsini verəcək. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik. Mən çox şadam ki, iki ölkə arasında ticarət dövriyyəsi artır və Azərbaycan Gürcüstana investisiya qoyuluşu baxımından liderdir. Biz 2012-ci ildən birinciliyi saxlayırıq. Bu, sizin ölkənizdə ən yaxşı investisiya mühitinin olduğunu göstərir. Bu da onu göstərir ki, bizim əlaqələrimiz yüksək səviyyədədir”, - deyə prezident İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, Azərbaycanla Gürcüstanı birləşdirən bir çox önəmli qlobal layihələr var: “Keçən ilin oktyabr ayında biz sizinlə bərabər həmin layihələrdən birinin – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu il Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin və TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Bizim əməkdaşlığımız hətta regional formatdan çıxaraq qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuz, qardaşlığımız dayanır. Və əminəm ki, səmimi münasibətlər bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Gürcüstan   TAP  





Xəbər lenti