Ruhani azərbaycanlı naziri qəbul edib

  13 Mart 2018    Oxunub : 530
Ruhani azərbaycanlı naziri qəbul edib
Martın 13-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.
İran Prezidenti ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayaraq, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib.

Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb. İran Prezidenti salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb.

Ş. Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan İranla əlaqələrə xüsusi əhəmiyyət verir və İranın uğurları Azərbaycanı sevindirir. Azərbaycan-İran əməkdaşlığı bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələrimiz sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir.

Nazir Şahin Mustafayev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə İran tərəfinə bir daha təşəkkür edib.

AzVision.az

Teqlər: Iran   Ruhani   Şahin-Mustafayev