Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq
  14 Mart 2018    Oxunub:1375
Azərbaycanda vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Vəkillər Kollegiyası Rəyasət Heyətindən AzVision.az-a verilən məlumata görə, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir. Xüsusilə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə belə hallarla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə yanaşı, vəkilliyin nüfuzuna da mənfi təsir göstərir.

Bu problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu günlərdə vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını həyata keçirib. Belə ki, artıq “vəkil”, “advokat”, “advocate”, “адвокат”, “Hüquq məsləhətxanası”, “Azərbaycan Vəkillər Kollegiyası”, “Azerbaijan Bar Association”, “Коллегия Адвокатов Азербайджанской Республики” adları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adına qeydiyyatdan keçirilib.

Artıq vəkil olmayan şəxslərin həmin ifadələrdən istifadəsi qanunla cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb olacaq. Belə ki, Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399-cu və 412-ci maddələri vəkil adından və əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, 2018-ci il aprelin 1-dən etibarən yuxarıda qeyd edilən ifadələrdən qanunsuz istifadə hallarının araşdırılması, o cümlədən belə halların aşkarlandığı təqdirdə qanunla müəyyən olunmuş qaydada bütün zəruri tədbirlərin görülməsinə başlanılacaq.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası  





Xəbər lenti