340 minə yaxın vətəndaşın işi ASANlaşdı - FOTOLAR

  14 Mart 2018    Oxunub : 3054
340 minə yaxın vətəndaşın işi ASANlaşdı - FOTOLAR
Bu ilin fevralın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub.
Kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü Mərkəzidir.

“ASAN-xidmət”in təşkilatçılığı ilə bir qrup jurnalist kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Mingəçevir şəhərinə səfər edib. AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.



“ASAN-xidmət”in informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Mingəçevir “ASAN xidmət” mərkəzi 12 mart 2018-ci il tarixindən etibarən vətəndaşların istifadəsinə verilib. Onun sözlərinə görə, istifadəyə verildiyi gündən bu günə qədər Mingəçevir "ASAN xidmət" mərkəzinə 1000-dən çox müraciət ünvanlanıb.

A.Hüseynov qeyd edib ki, Mingəçevir "ASAN xidmət" mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 340 minə yaxın vətəndaşa xidmət göstərir.

Şöbə müdiri əlavə edib ki, hazırda ölkə üzrə 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "5-i Bakıda, digər 8-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevir şəhərlərində yerləşir. 2020-ilə qədər daha 7 "ASAN xidmət" mərkəzi tikiləcək. Bu il İmişliŞəkidə xidmət mərkəzlərinin istifafəyə verilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə Tovuz, Ağcabədi, Kürdəmir, CəlilabadŞamaxı mərkəzləri tikiləcək".



12 mart 2018-ci il tarixində Mingəçevir “ASAN xidmət” mərkəzinə ilk müraciət qeydə alınıb. Belə ki, İlqar Həsənli Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb. Həmin gənc jurnalistlərə açıqlamasında “ASAN xidmət” mərkəzindən razılığını qeyd edib. Daha sonra ona hədiyyələr təqdim olunub.

Mediatur çərçivəsində jurnalistlər kompleksdə yaradılan şəraitlə tanış olublar. Mingəçevir “ASAN Həyat” konsepsiyası Mingəçevir “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərini istifadəyə verib. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.



Mingəçevir regional “ASAN xidmət” mərkəzinin binasının tikintisinə 2017-ci ildə başlanılıb. 2018-ci il ilin fevral ayında tikinti başa çatıb. “ASAN həyat” kompleksi 3 mərtəbəli inzibati binadan və 3 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir. “ASAN xidmət” mərkəzi - 5068 m2, Kinoteatr (2 zal - hər biri 62 nəfərlik) -1592 m2, ASAN Peşə – 1103 m2 və Teras Kafe – 416 m2.

“ASAN Həyat” kompleksi üçün ayrılan 1.21 hektar ərazidə park, fontan və oturacaqlar, avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb. Mingəçevir regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ xidmət göstərilir.



Eyni zamanda mərkəzdə 68 növ funksional yardımçı xidmət (bank, sığorta, tərcümə xidmətləri və s.) təşkil edilib. Mərkəzdə əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Mərkəzdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üçün 5 “ASAN ödəniş” terminalı quraşdırılıb.

Mingəçevir regional “ASAN xidmət” mərkəzində video müşahidə, video növbə sistemləri, 1 lift, 2 eskalator, yanğın söndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.



Burada həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” Mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Belə ki, layihəyə uyğun olaraq “ASAN Peşə” Mərkəzində 4 istiqamət üzrə - elektrik, mexanika, santexnika, tikiş işləri üzrə ən müasir maddi-texniki baza, mütəxəssislərinin iştirakı nəzərdə tutulub.



“ASAN həyat” kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı da yaradılıb və buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir. Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park və uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr) – kafe teras və rəqs meydançası nəzərdə tutulub. Kinoteatrda Azərbaycan filmləri ilə yanaşı, müxtəlif ölkələrdə istehsalı olan filmlərində nümayiş etdiriləcək.

Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırlmasını təmin edib.









Anar Kəlbiyev
AzVision.az

Teqlər: Mingəçevir   ASAN-Xidmət   Kompleks