Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub

Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub
  15 Mart 2018    Oxunub:1282
Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, gənclərin işlə təminatı daim diqqətdə saxlanılır, bu məqsədlə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mütəmadi müsabiqələr keçirilir.
Aparılmış şəffaf seçimlər əsasında son illər ədliyyə orqanlarına böyük əksəriyyəti gənclər olan 2500-dən çox hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf kadrlar qulluğa qəbul olunub. Onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu ali dövlət orqanında məsul vəzifələrə irəli çəkiliblər. Bununla yanaşı, gənclərdə ədliyyə sahəsində işləməyə həvəsi artırmaq, onların məşğulluğunun təmin olunmasına şərait yaratmaq məqsədilə könüllülük institutu təşviq olunaraq, son illər 250-dək gənc ədliyyə qurumlarında və məhkəmələrdə fəaliyyətə cəlb edilib.

Eyni zamanda, qulluğa qəbul üzrə müsabiqələr zamanı vətəndaşların müraciət imkanları və elektron xidmətlərin tətbiqi genişləndirilir, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları təşkil edilir. Habelə şəffaflığın tam təmin olunması üçün test imtahanları internetdə “online” rejimində canlı yayımlanır, müsabiqənin bütün mərhələləri vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən tam müşahidə olunur. Uğur qazanan namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilir, tədrisin və təcrübi biliklərə yiyələnmənin daha keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir.

100-ə yaxın hüquqşünas bu günlərdə növbəti müsabiqənin bütün mərhələlərindən keçərək peşə fəaliyyətinə buraxılıblar.

Onlar martın 14-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları da ziyarət edilib.

Həmçinin ədliyyə orqanlarına qulluğa qəbul olunmaları ilə bağlı hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək son illər respublikamızın davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.

Ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan geniş söhbət açan nazir stajorlara işlərində məsuliyyətli olmağı, insanlara layiqli xidmət göstərməyi, qanunçuluq, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl etməyi tövsiyə edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ayın əvvəlində yeni müsabiqə elan olunub.

Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb, onlara bu əziz bayram ərəfəsində göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına, ölkəmizin ictimai həyatında əsl vətəndaş mövqeyindən çıxış edəcəklərinə söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.

Tədbirdə ədliyyə nazirinin müavini, Müsabiqə Komissiyasının sədri Toğrul Musayev iştirak edib.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti