“ASAN Könüllüləri”ndən şagirdlər üçün xüsusi proqram

“ASAN Könüllüləri”ndən şagirdlər üçün xüsusi proqram
  15 Mart 2018    Oxunub:1712
“ASAN Könüllüləri” Təşkilatı regionlarda təhsil alan orta məktəb şagirdləri üçün xüsusi hazırlanmış “AİM” – ASAN İnkişaf Modeli proqramına start verir.
Təşkilatdan AzVision.az-a verilən məlumata görə, “ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək sosial proqramın əsas məqsədi Respublikanın müxtəlif regionlarında təhsil alan orta məktəb şagirlərinin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı və məntiqi təfəkkürünü inkişaf etdirməkdir.

Proqram ölkəmizin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaqdır. Görüşlərdə müasir təhsilin predmetləri, dünyadakı cari tələb olunan ixtisasların prioritet olma səbəbləri, dövrümüzdə aktual olan lazımi mütəxəssis keyfiyyətləri, gələcək həyat seçimləri ilə bağlı psixoloji hazırlıq kimi fərqli mövzular bu sahələrin mütəxəssisləri tərəfindən əhatə olunacaqdır. Həmçinin “AİM” layihəsi hal-hazırda dünyada tətbiq edilməkdə olan dövrün ən müasir və innovativ texnoloji yeniliklərini, sosial şəbəkələrdən faydalı istifadə prinsiplərini gənclərə çatdıracaq, bu istiqamətdə məktəblərdə şagirdlərin inkişafına, dünya trendlərinə düzgün qoşulmaları yönündə dəstək verəcəkdir.

Sosial layihə çərçivəsində ilk səfərlər Şirvan və Sabirabad şəhərlərinə baş tutacaq. Burada ilkin olaraq 500-ə qədər gəncin görüşlərdə iştirakı nəzərdə tutulub. Daha sonra proqram ölkənin fərqli regionlarında fəaliyyətini davam etdirəcək.

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti