“İcbari tibbi sığorta haqqında” qanun Milli Məclisə təqdim ediləcək

“İcbari tibbi sığorta haqqında” qanun Milli Məclisə təqdim ediləcək
  16 Mart 2018    Oxunub:1685
2017-ci il ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat vəsait sərf edilib ki, bunlardan 21 milyon xəstəxanaların, 3 milyon ilkin səhiyyə xidməti üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyon isə müqaviləli tibb müəssisələrinin payına düşür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, səhiyyəyə ayrılan vəsaitlərin qənaət edilməsi və maliyyə vəsaitlərinin səmərəli xərclənməsində informasiya texnologiyalarının böyük rol oynadığını nəzərə alaraq, hesabat dövründə səhiyyə xidmətlərinin elektronlaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qeyd olunub ki, sığorta ödənişlərinin vaxtında icrası və hesabatlılığın gücləndirilməsi üçün pilot layihə başladıqdan sonra xəstəxanalar kompüterlər və proqram təminatları ilə təchiz edilmiş, nəticədə müəssisədaxili fəaliyyətin 80 faiz elektronlaşmasına nail olunub.

Hesabat dövrü ərzində ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib: “Yevlax rayonu inzibati ərazisi üzrə sanitar-epidemioloji tələblərə cavab verən 5 ilkin səhiyyə müəssisəsi (Yevlax şəhəri, Malbinəsi kəndi, Qaramanlı kəndi, Xaldan və Aran qəsəbələrində), Mingəçevir şəhəri üzrə isə 2 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir”.

Bildirilib ki, icbari tibbi sığortanın maliyyə və hüquqi əsaslarını tənzimləyən normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi icbari tibbi sığortanın 2019-cu ildə ölkə üzrə tətbiqini şərtləndirən ən başlıca amillərdəndir: “Bu səbəbdən də təklif olunur ki, Agentlik tərəfindən hazırlanmış yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi və digər aidiyyəti normativ hüquqi aktların layihələri müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilsin”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qanun   Milli-Məclis  





Xəbər lenti