Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində – FOTO

  16 Mart 2018    Oxunub : 478
Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində – FOTO
Bu gün Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib.
Bu gündən Mərkəzin “Azərbaycan inciləri: tarixin axarında” daimi sərgisinə tarixi dəyərli yeni eksponat - Eneolit dövrünə aid qızıl boyunbağı daxil edilib.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu zinət əşyasının çox dəyərli olduğunu vurğulayıb.



“Cənubi Qafqazın ən qədim zinət əşyasını nümayiş etdirməyimiz Mərkəzin hər bir əməkdaşı üçün şərəfdir”, - deyən Anar Ələkbərov bu məkanın həm şəhərimizin sakinləri, həm də qonaqları üçün ən sevilən yer olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi dünyada tanınan məkan olaraq çoxsaylı beynəlxalq tədbirlərin ardıcıl təşkil edilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova zinət əşyası haqqında geniş məlumat verib.



O, qeyd edib ki, öz dövrü üçün kifayət qədər zərif əl işi olan qızıl boyunbağı zamanın təsirindən dörd hissəyə bölünüb: “Zinət əşyası 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında, Ovçular təpəsi qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Boyunbağı Cənubi Qafqazın ən qədim qızıl zinət əşyasıdır.



Buna qədər isə Cənubi Qafqazda ən qədim qızıl zinət əşyaları Gürcüstan ərazisində qazıntılar zamanı tapılmış və erkən Tunc dövrünə aid nümunələr hesab olunurdu. Mütəxəssislərin Eneolit dövrünə aid etdiyi Naxçıvan tapıntısı hələ eramızdan əvvəl V minillikdə bu ərazidə filizçıxarma və mis metallurgiyasının mövcudluğundan xəbər verir.

Sənayenin bu istiqamətdə inkişafı, şübhəsiz, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən zərgərliyin yayılmasına təsir etməli idi. Ovçular təpəsindən aşkarlanmış qızıl boyunbağı bunu təsdiqləyən yeganə artefaktdır”.



AMEA-nın prezidenti Akif Əlizadə isə Azərbaycan arxeologiya elminin müasir uğurlarına toxunub. Onun sözlərinə görə, Azərbaycan dövləti arxeologiyanın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Akademiya prezidenti təqdim olunan eksponatla bağlı alimlər arasında geniş diskussiyanın yarandığını da diqqətə çatdırıb.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzində daimi nümayiş olunan “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ölkəmizin mədəniyyətinin, milli-mənəvi sərvətlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub.


Sərgidə 200-dən çox eksponat – Mezolit, Tunc dövrünə aid Qobustan qayaüstü rəsmlərindən nümunələr, e.ə. III-I minilliklərə aid arxeoloji tapıntılar, XVIII-XIX əsrə aid silahlar, misgərlik və zərgərlik məmulatları, milli geyimlər, xalçalar, musiqi alətləri və s. təqdim edilir. Ziyarətçilər bu tarixi eksponatlar sırasında artıq Cənubi Qafqazın ən qədim zinət əşyası ilə də tanış ola bilərlər.

AzVision.az

Teqlər: Heydər-Əliyev-Mərkəzi