Zakir Həsənov: “Əminəm ki, hər an döyüşə hazır olacaqsınız”

  17 Mart 2018    Oxunub : 1587
Zakir Həsənov: “Əminəm ki, hər an döyüşə hazır olacaqsınız”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz baharın gəlişinin, təbiətin oyanışının rəmzidir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək Novruz ənənələrini qoruyub yaşadıb. Hələ Sovet rejiminin ən sərt dönəmində belə xalqımız Novruz bayramını özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu Odlar yurdu Azərbaycanımızda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi ən yüksək qiymətin bariz nümunəsidir.

Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Vətənimizin ərazi bütövlüyünün qarantı olan ordumuzun güclənməsi və respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində qazanılan böyük nailiyyətlər hərbi qulluqçularımızın qələbə əzmini daha da gücləndirir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası naminə döyüşlərə hər an hazır olacaqsınız.

Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizi hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi də xalqımızın bu əziz bayramı münasibətilə təbrik edirəm.

Arzu edirəm ki, Novruz bayramı gəlişiylə hamınızın evinə bol ruzi-bərəkət, sevinc gətirsin.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram".

AzVision.az


Teqlər: Zakir-Həsənov   Ordu   Cəbhə