Aztəminatlı ailələrə Novruz sovqatları paylanılır

  17 Mart 2018    Oxunub : 667
Aztəminatlı ailələrə Novruz sovqatları paylanılır
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır.
Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, layihə ölkə üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Martın 14-dən etibarən Heydər Əliyev Fondunun ezam olunan əməkdaşları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırır, sakinlər təbrik olunur.

Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, onlara müxtəlif bayramlarda, əlamətdar günlərdə baş çəkir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları, 2017-ci ildə Novruz bayramı münasibəti ilə də respublika üzrə bütün ünvanlı sosial yardım alan ailələrə sovqatlar paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır. Heydər Əliyev Fondunun bayram sovqatlarının paylanılması martın 19-dək davam edəcək.

AzVision.az


Teqlər: Heydər-Əliyev-Fondu   Sovqat