DSX-nın hərbi hissələrində “Valideyn günləri” keçirilib

DSX-nın hərbi hissələrində “Valideyn günləri” keçirilib
  21 Mart 2018    Oxunub:1907
Dövlət Sərhəd Хidmətində (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psiхоlоji vəziyyətinin daim yüksək səviyyədə saхlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə mütəmadi tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir.
DSX-nin mətbuat mərkəzindən bildirilib ki, bu tədbirlərin sırasında 2003-cü ildən başlayaraq DSX-nin (DSX) hərbi hissə və bölmələrində keçirilən və ənənəyə çevrilmiş “Valideyn günləri” xüsusi yer tutur.

Xalqımızın böyük ruh yüksəkliyi ilə qarşıladığı Novruz bayramı ilə bağlı Xidmətin bütün hərbi hissələrində keçirilən “Valideyn günləri”ndə hərbi hissələrin rəhbərliyi, rayon icra hakimiyyətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak ediblər. Keçirilən tədbirlərdə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr barədə ümumi məlumat verilib, onlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində qazanılmış yüksək nailiyyətlər xüsusi vurğulanıb. Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, qazanılmış uğurları əks etdirən fоtоslaydlar və video görüntülər nümayiş olunub.

Valideynlər çıxış edərək yaradılmış şəraitdən razılıqlarını bildirib, övladlarına tövsiyələrini veriblər. Sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilib.

Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular “Хidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılıb, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim olunub.

Valideynlər övladları ilə birgə nahar etdikdən sonra Novruz tonqalı ətrafında incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kollektivlərinin hazırladığı maraqlı konsert proqramlarına baxıblar.

AzVision.az


Teqlər: DSX   Hərbi-Hissə  





Xəbər lenti