“Əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur” - General Aydəmirov

“Əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur” - General Aydəmirov
  23 Mart 2018    Oxunub:5437
Azərbaycan Ordusunun təminatında heç bir problemin olmaması ilə bağlı Müdafiə Nazirliyinin yaydığı xəbər ehtiyatda olan hərbçi kimi məni də çox sevindirir. Ali Baş Komandan və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı bunu deməyə əsas verir.
AzVision.az xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzərTAc-a açıqlamasında bildirib.

Y.Aydəmirov qeyd edib ki, son illərdə Ordunun silahlanmasına daxil edilən ən müasir hərbi texnika, silah və digər döyüş vasitələri Silahlı Qüvvələrin gücünü dəfələrlə artırıb və düşmən üzərində üstünlüyü təmin edib. Müasir və hər cür kommunikasiya sistemləri ilə təchiz edilmiş hərbi şəhərciklərin tikilməsi, əsaslı surətdə təmiri əsgərlərin, eləcə də zabit heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlardandır. Dəfələrlə hərbi hissələrdə olarkən əldə edilən bu nailiyyətlərin şahidi olmuşam. Xalqımız da bunu görür və qiymətləndirir.

“Bir məqama da xüsusi toxunmaq istərdim. Əvvəlki illərlə müqayisədə indi Ordu ictimaiyyət üçün kifayət qədər açıqdır. Müxtəlif qurumların, ictimai təşkilatların nümayəndələri hərbi hissələrə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir. Bunlar hamısı çox müsbət haldır. Amma bəzi hallarda bu səfərlər özünüreklam xarakteri daşıyır. İndi ordumuz keçən əsrin 90-cı illərinin əvvəllərində olan pərakəndə silahlı dəstələrdən həm kəmiyyət, həm də keyfiyyət baxımdan xeyli fərqlənir. Bu səbəbdən də hərbi hissələrə səfərlər edərkən ərzaq və məişət məhsullarının toplanaraq əsgərlərə çatdırılmasına heç bir ehtiyac yoxdur. Tez-tez əsgər və zabitlərin yanında olan bir general kimi ictimaiyyətimizi tam əmin edirəm ki, hazırda xalqımızın mənəvi dəstəyini daim hiss edən və hərtərəfli təmin olunmuş əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur”, - deyə Y.Aydəmirov xüsusi vurğulayıb.

AzVision.az


Teqlər: Yaşar-Aydəmirov   General   Əsgər   Ordu  





Xəbər lenti