Seçki bülletenlərinin çapına başlanıldı

Seçki bülletenlərinin çapına başlanıldı
  24 Mart 2018    Oxunub:1557
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 seçki bülleteninin çapı nəzərdə tutulub. Bu rəqəm ümumi seçicilərin sayından 3 faiz artıqdır.
AzVision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Bülletenlərin mətni, forması, sayı və hazırlanma qaydasının MSK-nın qərarı ilə təsdiq olunduğunu deyən Məzahir Pənahov qeyd edib ki, proses bir həftə ərzində başa çatacaq. Bülletenlərin çapı tam başa çatdıqdan sonra dairə seçki komissiyalarına paylanılmağa başlanacaq.

MSK sədri bildirib ki, səsverməyə beş gün qalana qədər Komissiya bülletenləri dairələrə çatdırmalıdır. Dairələr bülletenləri qəbul etdikdən sonra seçkilərə 3 gün qalana qədər məntəqələrə paylamalıdır. Bülletenlərin aşağı seçki komissiyalarına çatdırılması prosesi KİV-in müşahidələri ilə həyata keçiriləcək.

Dairə seçki komissiyalarının bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edəcəyini deyən Məzahir Pənahov vurğulayib ki, çap zamanı yararsız bülleten olarsa aktlaşdırıldıqdan sonra məhv edilir. O, həmçinin əlavə edib ki, mətbəədə gedən çap prosesi KİV nümayəndələrinə, namizədlərə, o cümlədən səlahiyyətli nümayəndələrə və müşahidəçilərə tam açıqdır. Bundan başqa, bülletenlərin çatdırılmasında və qorunmasında aidiyyəti dövlət qurumları ciddi təhlükəsizlik tədbirləri görürlər. Seçki Məcəlləsindən irəli gələrək bülletenlər dairə və məntəqələrə paylanılacaq.

Bülletenlərin çapında hər hansı çatışmazlığa rast gəlinmədiyini deyən MSK sədri mətbəə rəhbərliyinin bu proseslə bağlı böyük təcrübəyə malik olduğunu söyləyib. Məzahir Pənahov, həmçinin qeyd edib ki, bülleten kağızları xüsusi olaraq seçilir.

AzVision.az


Teqlər: MSK   Seçki   Bülleten  





Xəbər lenti