Təxribatın atası: O, Hitlerdən sonra Amerikaya da xidmət etmişdi – DOSYE

Təxribatın atası: O, Hitlerdən sonra Amerikaya da xidmət etmişdi – DOSYE
  26 Mart 2018    Oxunub:14877
(Yazının əvvəlini BURADAN oxuyun)

...Mussolinin azad olunması əməliyyatından sonra Otto Skortseni xaricdə təxribat işi aparmaq barədə göstəriş aldı. Onun sərəncamında üç mindən artıq casus, etibarlı şəxs, agent və təxribatçı var idi. Bundan başqa, Skortseniyə dünyanın qırxdan artıq ölkəsində nasist partiyasının üzvlərinin siyahısı təqdim edildi ki, həmin şəxslər istənilən zaman onun agenturasına kömək etməyə hazır idilər.

Skortseninin qarşısında duran əsas vəzifə Rusiyaya təxribatçılar çıxarmaqdan ibarət idi. Lakin həmin on doqquz qruplardan on beşi dərhal, dördü isə sonradan yaxalandı. “Bütün iri planlar uğursuzluğa düçar oldu!”,- deyə Skortseni və “Xarici şərq orduları” ilə birgə “Tseppelin” adı almış bu proqramın üzərində işləmiş Hitler kəşfiyyatının rəhbəri Valter Şellenberq təəssüflənirdi. Bu şöbəyə generallar Krebs və Gelen rəhbərlik edirdilər.

Skortseni öz xatirələrində Qırmızı Ordunun arxa cəbhəsinə qarşı keçirilmiş iri əməliyyatlardan biri haqda nostalji hissləri ilə yazırdı. Onun sözlərinə görə, 1944-cü ilin yayında “ehtiyat agent”lərin birindən Minskdən şimaldakı meşə massivində polkovnik-leytenant Şerhörnun başçılığı altında iki minə yaxın alman əsgərinin cəmləşməsi barədə məlumat daxil olmuşdu. Skortseni Baş komandanlıqdan həmin qrupla əlaqə yaratmaq və onlara hər cür köməkilk göstərmək barədə tapşırıq aldı. Skortseninin hazırladığı “Brakonyer” əməliyyatı 1944-cü ilin sentyabr ayının ortalarından 1945-ci ilin may ayınadək davam etmişdi. O, xatırlayırdı ki, ikisi alman və ikisi ruslardan ibarət dörd qrup hazırlamış, onları tapança, radiostansiya, geyim, konservlərlə təchiz edərək, rus siqaretlərinə və russayağı davranışlara öyrətmişdilər. Qruplardan ikisi itkin düşmüş, ikisi isə Şerhörnun qrupu ilə əlaqəyə çıxa bilmişdilər. Bundan sonra 1944-1945-ci illərin payız, qış və yaz aylarında Şerhörnün qrupuna hər cür kömək göstərilmişdi. “Brakonyer” əməliyyatı iflasa uğradı. Lakin 1945-ci il mart ayının 28-də Şerhörn şəxsən alman Baş Qərargah rəisinin imzası ilə özünün I dərəcəli “Cəngavər xaçı” və polkovnik rütbəsi ilə təltif edilməsinə dair radioqram almışdı.

Bu əməliyyat Almaniyanın uğusuz, Sovet kəşfiyyatının isə uğurlu əməliyyatı hesab edilir. Şerhörn qrupu barədə məlumat verən “ehtiyat agenti Geyne” sovet kəşfiyyatçısı Aleksandr Demyanov idi. Alman polkovnik-leytenantı Şerhörn sovet agenti “Şubin” olmuşdu. Onun dəstəsi antifaşist almanlardan və təkrar konfidensial əməkdaşlığa cəlb olunmuş radistlərdən ibarət idi ki, həmin radistlərə sonradan bütün dünyada Rudolf Abel kimi məşhurlaşan alman əsilli sovet kəşfiyyatçısı Villi Fişer rəhbərlik edirdi. Bütün əməliyyata Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının (NKQB) Dördüncü İdarəsinin rəisi Sudoplatov və həmin idarənin təcrübəli əməkdaşları Maklyarski və Mordvinov rəhbərlik edirdilər. Əməliyyat “Beryozino” adı daşıyırdı və alman kəşfiyyatının çaşqınlığa uğradılması, onun qüvvələrinin tükədilməsinə yönəlmişdi. Əməliyyatın gedişində iyirmi iki alman kəşfiyyatçısı, on üç radiostansiya və s. ələ keçirilmişdi.

Həmin dövrdə Skortseni könüllü kamikadzelərin seçilməsi ilə məşğul idi. Yapon kamikadzelərindən fərqli olaraq, bu insanlara sağ qalmaq şansı verilirdi. Skortseni öz məktəbində “qurbağa adamlar” yetişdirirdi ki, onlar suyun altında düşmən gəmilərinə yaxınlaşaraq, altına maqnitli mina yapışdırırdılar. Əməliyyatlardan birində otuz min ton su tutumu olan düşmən gəmisi batırılmışdı.

Lakin bütün bunlar müvəqqəti nailiyyətlər idi. Müttəfiqlər onunla mübarizə yollarını tapmışdılar. Skortseni bir sıra könüllülər qrupu yaratsa da, texniki vasitələrin çatışmazlığı səbəbindən onun xüsusi idarə olunan təyyarələrlə iri sovet şəhərlərini və sənaye mərkəzlərini məhv etmək planları iflasa uğradı.

1944-cü il iyul ayının 20-də Hitlerə sui-qəsd təşkil edildi və onun rəqibləri hakimiyyəti ələ keçirmək istədilər. Skortseni özünəməxsus qəddarlıqla sui-qəsdin qarşısını aldı. Himmlerin əmrinə əsasən o, sərəncamına verilmiş batalyonla Ali Baş Komandanlığın binasını ələ keçirərək, üç gün ərzində orada saxlanınanlara divan tutdu. Bəziləri gestapo cəlladlarına verildi, digərləri məsələn, onun öz agenti olan və Alamniya Federativ Respublikası bundestaqının gələcək rəhbəri Oygen Gerstenmayer kimiləri isə Skortseninin şəxsi himayəsi altına keçdi. Skortseni fürerdən daha bir təşəkkürnamə aldı.

1944-cü ilin oktyabr ayında Skortseni Budapeştə gəldi. Macar “fürer”i Horti Antihitler koalisiyası ilə separat sülh bağlamaq niyyətində olduğu üçün Skortseniyə Macarıstanda dövlət çevrilişi etmək barədə əmr verilmişdi. Oktyabr ayının 10-da Skortseni Budapeşt komendantı general Bakainin, ertəsi gün isə macar Dunay flotiliyasının komandanı Hardinin oğurlanmasını təşkil etdi. Daha sonra prezident Hortinin oğlu tələyə salınaraq böyük xalçaya büküldü və binadan çıxarılaraq maşında gizlədildi. Horti buradan konslagerə göndərildi.

Oktyabr ayının 12-də Skortseni hökumət iqamətgahına həmlə təşkil etdi. SS paraşütçülərinin başçılığı altında o, binaya soxuldu. Silahla hədələnən general Lazar qarnizonun təslim olması barədə əmr verməyə məcbur oldu. Lakin daha sonra başına güllə çaxmaqla intihar etdi. Hökumət mühafizədən məhrum olaraq çevrilişə məruz qaldı. Almanlar tərəfindən hakimiyyətə gətirilən yeni hökumət Hitlerin tərəfində müttəfiqlərə qarşı vuruşmaq öhdəliyi götürərək müharibədə iştiraka davam etdi. Bu əməliyyatdan sonra Skortseni oberşturmbanfürer (polkovnik-leytenant) rütbəsi və Hitler tərəfindən “Qızıl cəngavər xaçı” ilə təltif olundu.

1944-cü ilin dekabr ayında Arden yaxınlığında almanların əks-hücumu başlayanda Skortseni daha bir məxfi tapşırığın icrasına başladı. O, ingilis dilini bilən könüllü əsgərlərdən ibarət xüsusi dəstə yaratdı. Onlara Amerika ordusuna məxsus hərbi geyim formaları, silahlar və avtomaşınlar verildi. Bu dəstənin əsgərləri hücum edən müttəfiq qoşunlarının arxasına keçərək orada çaxnaşma yaratdılar və müxtəlif təxribat aksiyaları həyata keçirdilər. Lakin bu əməliyyatın iştirakçıları arasında böyük itkilərə səbəb oldu. Skortseninin dəstəsindən yüz otuz bir əsgər amerikalılar tərəfindən ələ keçirilərək güllələndi, min nəfərdən çoxu isə döyüş meydanında həlak oldular. Bu əməliyyat zamanı Skortseninin tabeliyində olan alman əsgərləri ağır hərbi cinayət törətdilər. Paltarlarını dəyişmiş SS-çilər amerikalıların onları ifşa edəcəyindən qorxduqları üçün yetmiş bir nəfər silahsız amerikalı əsiri güllələdilər.

Vəziyyətin müəyyən dərəcədə sabitləşməsinə baxmayaraq alman qoşunları müttəfiqləri təhdid etməkdə davam edirdilər. Bu şərait İngiltərənin baş naziri Çörçili Stalinə kömək xahişi ilə müraciət etməyə vadar etdi. Sovet ordusunun təcili olaraq Visla üzərində hücuma keçməsi ilə ingilislər və amerikalılar xilas edildilər.

Sovet qoşunlarının hücumlarının davam etdiyi bir şəraitdə Skortseni artıq diviziya komandiri qismində Hitlerdən sonuncu əmr aldı: Oder üzərindəki Şvedt şəhərini nəyin bahasına olursa-olsu düşmənə təslim etməmək. Sərkərdəlik istedadına və biliyinə malik olmayan Skortseni ona məxsus olan yalnız bir metodla şəhəri əldə saxlamağa çalışırdı ki, bu da terror idi. O, geri çəkilməyə və təslim olmağa çalışan hər bir kəsi asmaq əmri verdi. Bir çox alman əsgər və zabitləri onun əmrinə əsasən edam edildi. Neymark dairəsindəki kiçik Köniqsberq şəhərciyinin (indiki Kalininqrad) burqomistri Kurt Flöter də edam edildi və onun cəsədi beş gün yol kənarında qaldı. Bütün bu qəddar əməllərinin qarşılığında Skortseni əsgərlərdən “asıcı Otto” təxəllüsü, Hitlerdən isə “Cəngavər xaçı”na “Palıd yarpaqları” aldı.

İkinci Dünya müharibəsi zamanı Otto Skortseninin axırıncı əməliyyatı Avstriyada Tirol dağlarında “Alp qalası” yaratmaq cəhdi oldu. Hitlerçilər orada sığınacaq tapmaq və sonuncu nəfərləri ölənədək mübarizə aparmaq niyyətində idilər. İnsan və silahdan başqa Skortseniyə “xərclik üçün” bir neçə yüz min saxta ingilis funt sterlinqi də verildi.

Bütün bunlara baxmayaraq, faşistlərin müqavimət cəhdləri faydasız oldu. 1945-ci il may ayının 15-də Skortseni həbs edildi. Lakin Amerika kəşfiyyatının rəhbəri general-mayor Uilyam Cozef Donovanın himayəsindən yararlandığı üçün çoxsaylı hərbi cinayətlər törətməsinə baxmayaraq, Amerika məhkəməsi ona bəraət hökmü çıxardı. Bu, beynəlxalq hüququn kobudcasına pozulması demək idi.

Lakin Skortseni ABŞ xüsusi xidmət orqanlarından heç yana qaça bilmədi. O, “islah olunması üçün” Damştadt düşərgəsinə salındı. 1948-ci ilin iyul ayında Skortsenin arxasınca Amerika hərbi formasında üç nəfər gələrək, onu ABŞ-a apardılar. Burada o, “Eybl” təxəllüsü altında ABŞ kəşfiyyatına xidmət etməyə başladı. Corciya ştatında Skortseni amerikalı həmkarlarına paraşütçü agentlərin lazımi əraziyə atılması və evakuasiyası metodlarını öyrətməyə başladı.

1950-ci ildə Skortseni Fransa və Almaniyaya yola düşdü. Buna səbəb bir neçə nəşriyyatda onun xatirələrindən ibarət kitabların çapa hazırlanması idi. Bundan sonra Skortseni İtaliyaya gəldi. Orada öz həmfikirləri ilə görüşən faşist təxribatçısı SS cinayətkarlarının qəddar sindikatı olan “SS-ə məxsus şəxslər təşkilatı” (ODESSA) yaratdı.

İtaliyanı tərk edən Skortseni İspaniyaya gəldi. Həmin dövrdə burada diktator Frankonun himayəsi altında beş mini yüksək vəzifəli hitlerçi olmaqla, on altı min nəfərlik nasist koloniyası yerləşmişdi. İspaniyada Skortseni artıq heç kimdən gizlənmirdi. O, hətta Madridin şəkil qalereyasında boynunda Hitlerin verdiyi “Cəngavər xaçı” ilə peyda oldu. O, uzun müddət İspaniyada sığınacaq taparaq bu ölkədə nasistlər üçün biri Sevilya, digəri isə Konstantin yaxınlığında olmaqla iki baza yaratmağa nail oldu.

Skortseninin Nürnberq tribunalı tərəfindən bəraət almış oliqarx Yalmar Şaxtla və Qərbi Almaniya xüsusi xidmət orqanlarının rəhbəri Gelenlə yaxın dostluq əlaqələri öz nəticəsini verdi. 1951-ci ilin yanvar ayında onun soyadı Almaniya Federativ Respublikasının poisi tərəfindən axtarılan şəxslərin siyahısından çıxarıldı. Bundan sonra o, sərbəst şəkildə Almaniya və İspaniya arasında gah öz soyadı, gah da əfsanə adı altında səfərlər edərək İspaniyada mümkün qədər çox faşist gizlətməyə çalışırdı.

Onun qeyri-adi addımlarından biri İngiltərənin baş naziri ser Uinston Çörçili şantaj etməsi olmuşdur. Mussolini azad etdikdən sonra onun dəftərxanasında saxlanılan bir çox məxfi sənədlər, o cümlədən Çörçilin məktubları Skortseninin əlinə keçmişdi. 1951-ci ildə Skortseni öz agenti vasitəsilə həmin məktubları Çörçilə qaytardı. Bunun müqabilində baş nazir seçkilərdə qalib gələcəyi təqdirdə hərbi cinayətkarları azad edəcəyinə zəmanət verdi. Seçkilərdə mühafizəkarların qalib gəlməsindən sonra yeni kabinet formalaşdıran Çörçil bir sıra tanınmış faşist cinayətkarlarının həbsxanadan azad edilməsi barədə göstəriş verdi.

Bundan sonra da Skortseni ömrünü faşist hərbi canilərinin qayğısına qalmağa və Soyuq müharibə zamanı həyata keçirilən bir sıra fəal tədbirlərdə iştirak etməyə həsr etmişdi. Nürnberqdə çıxışlarının birində o, belə bir bəyanat vermişdir: “Mənə min nəfər adam verin, istənilən düşməni yeni müharibədə məğlub edərəm”.

Belə bir mülahizə mövcuddur ki, 1960-cı illərdə “Mossad” Skortsenini konfidensial əməkdaşlığa cəlb etməyə və ondan Misirə qarşı yönəlmiş hərəkatda istifadə etməyə müvəffəq olmuşdur. Ehtimala görə, Misirin o zamankı prezidenti Camal Əbdül Nasir raket istehsal etmək niyyətində olmuşdu və bu məsələdə ona alman mühəndisləri, o cümlədən keçmişdə Skortseninin tabeliyində olan şəxslər kömək etmişdilər. Guya o, İsrail kəşfiyyatının tapşırığına əsasən Misir raketlərinin yaradılması planının iflasa uğraması üçün əlindən gələni etmiş, 1967-ci il ərəb-israil müharibəsindən sonra isə Misirə qarşı mübarizədə İsrailə yardım etmişdi.

Lakin vermaxt generalı Otto-Ernst Romer bu məsələyə münasibətini bildirərkən belə demişdi: “Skortseninin qəsbkar və işğalçı hesab etdiyi dövlətə (İsrailə) kömək etməsi üçün heç bir səbəb yox idi. Kim inana bilər ki, vəfat edərkən son sözləri “Mən fəxr edirəm ki, öz ölkəmə və fürerə sədaqətlə xidmət etmişəm!” olan insan Mossadla əməkdaşlıq edə bilərdi?!”

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər:





Xəbər lenti