Nazir, icra başçısı və səfir hamam açılışında - FOTOLAR

Nazir, icra başçısı və səfir hamam açılışında - FOTOLAR
  26 Mart 2018    Oxunub:2473
Qubada ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, hamamın bərpası ABŞ səfirliyinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.



Açılış mərasimində çıxış edən Qubanın icra başçısı Ziyəddin Əliyev bildirib ki, rayonun qədimdən mədəni və multikultural kökləri var. Onun sözlərinə görə, dəyərlərin gələcək nəsllərə ötürülməsi üçün tarixi abidələr bərpa edilir, qorunub saxlanılır.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda elə bir tarixi abidə yoxdur ki, ona hörmət edilməsin, qorunmasın: "Bu abidə yerli xalqın memarlıq istedadından xəbər verir. Abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olub. Qubada yerləşən bu abidənin bərpasına xarici ölkənin gücünün cəlb olunması rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır".



ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta açılış mərasimində vurğulayıb ki, səfirlərin borcu tək ölkələr arasında deyil, ölkələrin sadə xalqları arasında əlaqələri gücləndirməkdir:

"Ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsi ilə qurulur. Tarix hamımızı bir araya gətirir. Dünyada elə pisniyyət qüvvələr var ki, onlar xalqları bir-birindən ayrı salmağa çalışırlar. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. Bu layihə sadəcə ABŞ-ın dəstək verməsi deyil, həm də Amerika sakinlərinin Azərbaycanı daha yaxından öyrənməsi baxımından mühüm rol oynayır. Layihəyə 2014-cü ilin mart ayından başlanılıb. Hamam bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq".

Daha sonra hamamın açılışı baş tutub. Qonaqlar bərpa edilmiş bina ilə tanış olublar.

Qeyd edək ki, Gümbəzli hamam XIX əsrdə bişmiş qırmızı kərpicdən inşa edilib. Ötən əsrin 80-ci illərinə kimi fəaliyyət göstərib.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Quba   Hamam   Səfir   Sekuta   Nazir  





Xəbər lenti