“Hamımız ona səs verəcəyik” - Məşhurlardan seçki açıqlaması

“Hamımız ona səs verəcəyik” -  Məşhurlardan seçki açıqlaması
  27 Mart 2018    Oxunub:11379
Xaricdə yaşayan bir qrup radikal müxalifətçinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniya cəmiyyətin müxtəlif təbəqələrinin etirazına səbəb olub. Azərbaycan hakimiyyətini ləkələməyə, illərlə qazanılan uğurları gözdən salmağa hesablanmış kampaniyaya ölkənin tanınmış şəxsləri biganə qalmayıb, öz münasibətlərini bildiriblər.
Tanınmış şəxslər anti-Azərbaycan kampaniyasının üzvlərini tutduqları çirkin yoldan dönməyə çağırıblar.

Xalq artisti Arif Babayev AzVision.az-a bildirib ki, sənətkarlar dövlətin və hakimiyyətin yanındadırlar: “Biz dövlətimizin və prezidentimizin yanındayıq. Dövlətə xidmət etmək, onu qorumaq bizim borcumuzdur. Qarşıdan prezident seçkiləri gəlir. Biz növbəti dəfə cənab İlham Əliyevi prezident seçəcəyik ki, dövlətimizi bundan sonra da ayaqda saxlasın. Prezidentimiz 15 il ərzində çox böyük işlər görüb. Ölkəmizdə görülən işləri, qazanılan uğurları kimlərinsə gözü götürmür. Onun sayəsində Azərbaycan dünyanın inkişaf etmiş, müasir ölkələri sırasına qoşulub. Bundan əlavə prezident mədəniyyətə yüksək qiymət verib. Mədəniyyət adamlarına ev, ad verilməsi böyük qayğıdır. Mən ailəmlə birgə İlham Əliyevə səs verəcəyəm. Son nəfəsimədək İlham Əliyevi dəstəkləyəcəyəm”.

Xalq artisti, xanəndə Nəzakət Teymurova 11 aprel seçkilərində İlham Əliyevə səs verəcəyini deyib:

“Həmişə dövlətimizin yanındayıq. Bir sənətkar kimi sevinirik ki, dövlətimizdə əmin- amanlıqdır. Ən böyük arzularımdan biri torpaqlarımızın qayıtması və bu dincliyin qorunub saxlanmasıdır. İki əllə dövlətimizə, prezidentimizə dəstəyik. Artıq neçə gündür ki, Azərbayacanın rayonlarına gedib təbliğat və təşviqat kampaniyasında iştirak edirik. Ölkədən kənara çıxanda da çalışmalıyıq ki, millətimizin , dövlətimizin adını yüksəklərə qaldıraq”.

Əməkdar artist Yusif Mustafayev: “Biz bu dövlətin və prezidentin əsgərləriyik. Mənim bir əqidəm var. İndiyə kimi Heydər Əliyevi, onun layiqli davamçısı İlham Əliyevi dəstəkləmişəm. Bundan sonra da cənab prezidenti dəstəkləməkdə davam edəcəyəm. Hamımız prezidentə dəstək olmalı, onun ətrafında birləşməliyik. Biz sənət adamları hər bizimiz İlham Əliyevə səs verəcəyik. Allah sabitliyimizi bizə çox görməsin”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Seçki   Xalq-artisti  





Xəbər lenti