BMT-də mühüm qətnamə qəbul edilib

BMT-də mühüm qətnamə qəbul edilib
  27 Mart 2018    Oxunub:1663
BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 37-ci sessiyası çərçivəsində Azərbaycanın Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tailand və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi və müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılması olub. Bu xüsusda, qətnaməyə əsasən 2018-ci və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərinin təşkil edilməsi planlaşdırılır. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir.

AzVision.az


Teqlər: XİN   BMT  





Xəbər lenti