Təhlükəsizlik orqanlarının 99 illiyi qeyd edilib - Fotolar

Təhlükəsizlik orqanlarının 99 illiyi qeyd edilib - Fotolar
  28 Mart 2018    Oxunub:3766
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi qeyd edilib.
AzVision.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil qoyublar.



Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.



Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.



Müasir üslubda tikilmiş binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamız bütün sahələrdə möhtəşəm uğurlar əldə edir. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb. Dövlət başçımız tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərilir. DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışı məhz bu qayğı və diqqətin növbəti bariz nümunəsidir.



General-leytenant Mədət Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılmış yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: DTX   Mədət-Quliyev  





Xəbər lenti