Mədət Quliyev: “Vətəndaşlarımız özlərini təhlükəsiz hiss edirlər”

Mədət Quliyev: “Vətəndaşlarımız özlərini təhlükəsiz hiss edirlər”
  29 Mart 2018    Oxunub:4309
Martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında təntənəli mərasim keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindənAzVision.az-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü bildirib.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin Azərbaycanın tərəqqisinə böyük imkan yaratdığını vurğulayan general-leytenant Mədət Quliyev həyata keçirilən məqsədyönlü və milli maraqlara əsaslanan fəaliyyət strategiyasının ölkəmizdə sabitliyə və sosial-iqtisadi inkişafa təminat verdiyini diqqətə çatdıraraq deyib: “Bu gün Azərbaycan dünyada sürətli inkişafa, sağlam investisiya və hərtərəfli təhlükəsizlik mühitinə malik sabit ölkə kimi tanınır”.



DTX rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə ölkə vətəndaşlarının rifahı naminə irimiqyaslı sosial layihələr icra olunur. Yüksək səviyyədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər nəticəsində Azərbaycan dünyada həm də mədəniyyət və idman mərkəzinə çevrilib. Ölkəmiz gücləndikcə vətəndaşlarımız özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Bunun nəticəsidir ki, əhalinin sosial rifahı yaxşılaşır, xalq-iqtidar birliyi günbəgün güclənir, ölkədə sabitlik və əmin-amanlıq təmin olunur.

General-leytenant Mədət Quliyev həyata keçirilmiş sistemli struktur və kadr dəyişikliklərinin, o cümlədən fəaliyyətin optimallaşdırılmasının, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasının, sağlam işgüzar mühitin yaradılmasının, eləcə də sosial-maddi təminatın, beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin DTX-də xidmətin daha səmərəli və çevik təşkilinə təkan verdiyini qeyd edib. O, respublikada sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə sahəsində DTX-nin aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə sıx və işgüzar əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini bildirib.

Göstərilə diqqət və qayğıya görə əməkdaşların adından minnətdarlığını ifadə edən general-leytenant Mədət Quliyev deyib: “Peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətin növbəti bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideallarını və peşəkarlıq irsini şərəflə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycanın sürətlə inkişaf edən və qüdrətli dövlətə çevrilməsi uğrunda məqsədyönlü və uğurlu siyasətin həyata keçirilməsində daim ön sırada olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanın bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcəkdir”.



Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Suleymanov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan dövlətinin inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər qazanır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da möhkəmlənir. Dövlət təhlükəsizliyi orqanları xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasına layiqli töhfələrini verirlər.

Veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən Şamil Suleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu bildirib.

Təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamları elan edilib. Həmçinin xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri oxunub. Təltif olunanlara, o cümlədən bir qrup veterana “Dövlət təhlükəsizliyi orqanlarının veteranı” döş nişanı təqdim edilib. Peşə bayramı münasibətilə DTX-nin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilmiş yarışların və turnirlərin qaliblərinə də mükafatlar verilib.

Sonda örnək olan ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin nümunələri əsasında çəkilmiş film nümayiş olunub.

AzVision.az


Teqlər: DTX  





Xəbər lenti