"Soyqırımla bağlı yeni faktlar və sənədlər toplanıb" - İsmayıl Axundov

"Soyqırımla bağlı yeni faktlar və sənədlər toplanıb" -  İsmayıl Axundov
  29 Mart 2018    Oxunub:2472
"Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə bu bölgənin türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. Ən dəhşətli faciələrdən biri 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".
AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov "1918-ci il Azərbaycanlıların Soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Dövlət Komissiyasının katibi bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

"1918-ci il Azərbaycan-türk əhalisinə qarşı soyqırım hadisələri yalnız Azərbaycan ərazisi ilə məhdudlaşmamış, ümumilikdə Cənubi Qafqaz, Türkiyə və İranda yaşayan dinc müsəlman xalqlarını da əhatə edib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib".

İ.Axundov qeyd edib ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub.

"Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart – aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da erməni terrorçu-quldur dəstələri və Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti davam edib. Nəticədə Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilmiş 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində insanlığa və bəşəriyyətə qarşı cinayət əməli – soyqırımı törədilib. Nəticədə bir gecədə 613 dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Soyqırım   100-il   İsmayıl-Axundov  





Xəbər lenti