“Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” - Ruhani

“Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” - Ruhani
  29 Mart 2018    Oxunub:1437
“Xalqlarımız dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxındır”.

AzVision.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib. O, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrinə olduğunu bildirib.
Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğuladı, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışdı, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə etdi.

Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışdı. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirdi. “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır” deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırdı.

AzVision.az


Teqlər: Həsən-Ruhani   Azərbaycan   İlham-Əliyev  





Xəbər lenti