Ruhaninin Bakı səfəri: İrəvana ünvanlanan Qarabağ mesajı (ŞƏRH)

Ruhaninin Bakı səfəri: İrəvana ünvanlanan Qarabağ mesajı (ŞƏRH)
  30 Mart 2018    Oxunub:2450
Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani ötən gün Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyevin dəvəti əsasında baş tutan iki günlük səfər zamanı ölkə başçıları arasında təkbətək və geniştərkibli görüşlər keçirilib, mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
Bu gün isə Azərbaycan-İran biznes forumu keçirilib, Neftçalada inşa edilən avtomobil zavodu işə salınıb. Ruhaninin Bakı səfəri zamanı Dağlıq Qarabağ məsələsinə də xüsusi diqqət ayrılıb.



İran prezidenti açıq şəkildə bəyan edib ki, rəsmi Tehran Qarabağ probleminin siyasi yolla həllinin tərəfdarıdır: “Bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir”.



Prezident İlham Əliyev isə diqqətə çatdırıb ki, İran Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır”.



Ruhaninin Bakı səfərinin əhəmiyyətini AzVision.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və İran arasında münasibətlər həmişə yaxşı olub: “Bu, ilk növbədə iki ölkənin tarixinin eyni kökə, dəyərlərə söykəndiyindən irəli gəlir. Bu gün hər iki ölkə bir-birinə maksimum yaxınlaşmağa, beynəlxalq aləmdə maraqlarını qorumağa çalışır. Azərbaycan üçün əhəmiyyətlidir ki, İran kimi tarixi bir dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın Azərbaycan torpaqlarını işğalını qəbul etmir. Həmçinin qonşuluq münasibətləri tək dostluq, qardaşlıq deyil, eyni zamanda bu bünövrə əsasında bütün sahələr üzrə əməkdaşlığa böyük şərait yaradır”.

A.Mirzəzadə hesab edir ki, ötən gün iki ölkə arasında bir çox vacib sənədlərin imzalanması artıq münasibətlərin daha da möhkəmləndiyini göstərir.

“Birgə iqtisadi layihələrdə iştirak iki ölkə üçün adi hala çevrilib. İran kapitalı ilə Azərbaycanda bir neçə əhəmiyyətli obyekt fəaliyyət göstərir və yeni obyektlər açılmaqdadır. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində hər iki ölkənin marağı böyükdür. Azərbaycanın bu dəmiryolu xəttinin fəaliyyəti üçün 500 milyon dollar vəsaiti İrana kredit şəkilində verməsinin özü əməkdaşlığın ən yüksək səviyyəyə gəlib çatmasını göstərir. Böyük etimaddır ki, İran Astara yük dəmiryol stansiyasını 15 illiyə Azərbaycana icarəyə verir. Azərbaycan isə icarəyə götürdüyü əhəmiyyətli obyektlə hər iki ölkənin iqtisadi maraqlarını həyata keçirən siyasət yürüdəcək. Birgə maraqlara cavab verən siyasətin yürüdülməsi mümkün olduğunu İran və Azərbaycan nümunəsi göstərir”, - deyə A.Mirzəzadə vurğulayıb.



Millət vəkili Rasim Musabəyov bildirib ki, İran prezidentin Azərbaycana səfərini müsbət qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, İranla münasibətlərimiz getdikcə inkişaf edir:

“İran Azərbaycanın qədim və çox yaxın qonşu dövlətidir. Bizi İranla tarixi, mədəni, dini tellər bağlayır. İran üzərindən sanksiyalar qaldırıldıqdan sonra iki tərəfə fayda verən benəlxalq əhəmiyyətli layihələr həyata keçirmək imkanımız yaranıb. Bu səfər zamanı iki böyük layihənin icrası reallaşdırıldı. Bunlar çox böyük, iqtisadi cəhətddən əlaqələrimizi irəli aparan layihələrdir. Həmçinin Nefçalada avtomobil zavodunun tikilməsi iqtisadi əlaqələrin genişlənməsi deməkdir.

Bu il, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Qazaxıstanda sammit keçiriləcək. Bizim üçün vacibdir ki, bu məsələdə fikir ayrılıqları olmasın. Düşünürəm ki, qeyd etdiyim məsələr geniş müzakirə olunacaq. Bu baxımdan İran prezidentinin səfəri hər iki ölkə üçün çox əhəmiyyətlidir”.

R.Musabəyov vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır: “Bu məsələdə İranın prinsipial mövqeyi var. İran tərəfi bəyan edir ki, münaqişə dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu çox müsbət amildir”.

Siyasi şərhçilərin fikrincə, İran prezidentinin səfəri zamanı Qarabağ məsələsinin qabardılması birbaşa İrəvana ünvanlanan mesajdır. Artıq rəsmi Tehran Ermənistan rəhbərliyinə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunun mesajını verir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ruhani   İran   Qarabağ   Səfər  





Xəbər lenti