Sekuta səfir kimi necə yadda qaldı? - Onun digərlərindən fərqi

Sekuta səfir kimi necə yadda qaldı? - Onun digərlərindən fərqi
  02 Aprel 2018    Oxunub:1887
Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfiri postundan gedib. Diplomatik missiyası başa çatan Sekuta Bakını tərk edərək ölkəsinə qayıdıb. O, 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.
Amerikalı diplomat 4 illik fəaliyyəti zamanı nə illə yadda qaldı?

Siyasi ekspert Arzu Nağıyev AzVision.az-a bildirib ki, Azərbaycan-ABŞ münasibətləri səfir Robert Sekutanın dövründə o qədər də gərgin vəziyyətdə olmayıb: “Sekuta Azərbaycanda səfir olarkən ABŞ-da prezident dəyişikliyi olub. O, komanda qalmaq şərtilə ABŞ-ın Azərbaycandakı siyasətini davam etdirməklə məşğul oldu. İqtisadi məsələlərdə ABŞ və Azərbaycan arasındakı münasibətlərin strateji xətti enerji layihələrinə təhdidin qarşısının birgə alınmasından ibarət idi. Bu məsələ uğurla yerinə yetirildi.



Siyasi sahədə, Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir. Bu müddət ərzində prezident Donald Tramp dəfələrlə vurğulayıb ki, Azərbaycan və ABŞ strateji tərəfdaşdır. Regional siyasətdə Azərbaycan İrana və Rusiyaya qarşı tətbiq edilən embarqolara, sanksiyalara qoşulmadı, balanslı siyasətini davam etdirdi. Azərbaycan ABŞ-ın Yaxın Şərq siyasətini də bölüşmədi, Suriyanın ərazi bütövlüyünü dəstəklədi. Mədəni əlaqələr sahəsində də Sekutanın zamanında Azərbaycan-ABŞ münasibətlərində problemlər yaşanmadı”.

A.Nağıyev qeyd edib ki, Sekutanın fəaliyyəti dövründə münasibətlərdə heç də hər şey normal olmayıb: “İnsan haqları ilə bağlı ABŞ-ın müəyyən bəyanatları, qondarma rejimin rəhbərinin ora dəvət olunması kimi hallar Sekutanın dövründə olan xoşagəlməz hallardır. Ümumən onun səfirliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində gərginlik pik həddə çatmadı”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Sekuta özündən əvvəlki səfirlərdən fərqli olaraq iki ölkə arasındakı münasibətlərdə problem yaşatmaması ilə yadda qalıb:

“ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın fəaliyyət müddəti artıq başa çatdı. Sekuta özündən əvvəlki səfirlər Rino Xarniş və Riçard Morninqstardan fərqli olaraq Azərbaycan hakimiyyəti ilə münasibətlərdə problem yaşamadı. Çünki, Sekuta Azərbaycanın daxili işlərinə qarışmadı, insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı kəskin açıqlamalar vermədi. O, yalnız iqtisadi və təhlükəsizliklə bağlı əməkdaşlığa diqqət yetirdi. Digər tərəfdən Donald Tramp administrasiyası da başqa ölkələrdə insan haqları və demokratiya mövzularına maraq göstəmir. Bu vəziyyət rəsmi Bakını qane edir”.

Ümumilikdə isə politoloqlar Robert Sekutanın səfir kimi 4 illik fəaliyyətini müsbət qiymətləndiriblər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Səfir   Sekuta  





Xəbər lenti