Pakistan qəzetində aprel döyüşlərinə həsr olunan məqalə

Pakistan qəzetində aprel döyüşlərinə həsr olunan məqalə
  02 Aprel 2018    Oxunub:1507
Pakistanın məşhur “Daily Times” qəzetində “Avrasiya-Azərbaycan” Beynəlxalq Ekspert Klubunun direktoru, “Vzglyad.Az” informasiya agentliyinin baş redaktoru Seymur Məmmədovun aprel döyüşlərinə həsr olunan məqaləsi dərc edilib.
AzVision.az xəbər verir ki, “Azərbaycan: aprel qələbəsindən iki il sonra” sərlövhəli məqalədə 2016-cı il aprelin 2-nə keçən gecə Ermənistan ilə Azərbaycan arasında başlamış “dördgünlük müharibə” 1994-cü il mayın 12-dən atəşkəs rejiminin qüvvəyə mindiyi vaxtdan bəri ən qanlı müharibə adlandırılır.

Müəllif qeyd edir ki, 20 ildən çoxdur Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqla sülh danışığı prosesini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 2016-cı il aprelin 2-nə keçən gecə bütün cəbhəboyu Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc insanlar həlak oldular. Bütün bunlar və düşmən qüvvələrinin yüksəklikdə yerləşməsinin onlara Azərbaycanın yaşayış məntəqələrini daim atəşə tutması üçün əlverişli imkan yaratdığı nəzərə alınaraq, düşmən qüvvələrini yaşayış məntəqələrindən geri çəkilməyə məcbur etmək məqsədilə göstəriş verildi. Məqalədə vurğulanır ki, Azərbaycanın Müdafiə Nazirliyi qarşısına tammiqyaslı müharibəyə başlamaq, Dağlıq Qarabağı və ona bitişik ətraf rayonları blits-kriqlə azad etmək vəzifəsini qoymamışdı. Odur ki, Azərbaycan əks-hücuma öz ordusunun az bir hissəsini cəlb etdi.

Azərbaycanın əks-hücum əməliyyatı Ermənistanda müharibənin başlanması kimi qəbul edildi. Yerevanda əsl təlaş yarandı: Yerevandan ehtiyat qüvvələr cəlb edildi. Ermənistanın silahlı qüvvələri Azərbaycan mövqelərinə üç gün hücum etdilər. Eyni zamanda, aprel döyüşləri günlərində Ermənistanın müxtəlif şəhərlərində Serj Sarkisyana və iqtidar rejiminə qarşı etiraz aksiyası keçirildi, xalq Sarkisyandan təqsirsiz dinc insanların öldürülməsinə görə izahat tələb etdi.

“İş o yerə çatdı ki, Ermənistan tərəfi hərbi əməliyyatın dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə müraciət etdi. Ermənistan rəhbərliyi Rusiyanın müvafiq strukturlarını vasitəçilik işinə cəlb etdi”, - deyə məqalədə bildirilir.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Cəbrayılda Lələtəpə və Talış yüksəklikləri azad edildi, düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.

“Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Böyük dövlətlər, beynəlxalq təşkilatlar qarışmasaydı, Azərbaycan qısa müddət ərzində torpaqlarını azad edə bilərdi. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir, dünyada heç bir ölkənin və ya beynəlxalq təşkilatın bizim daxili işimizə qarışmağa ixtiyarı yoxdur, çünki Dağlıq Qarabağ beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi ordunun güclənməsinə, onun ən yeni hərbi texnika ilə təchiz edilməsinə böyük diqqət ayırır. Azərbaycan əvvəl-axır öz torpaqların işğaldan azad edəcək”, - deyə Seymur Məmmədov öz məqaləsində vurğulayır.

AzVision.az


Teqlər: Pakistan   Vzglyad.Az   Aprel-Döyüşləri  





Xəbər lenti