Mülki Məcəlləyə dəyişiklik edilib

Mülki Məcəlləyə dəyişiklik edilib
  03 Aprel 2018    Oxunub:1494
Azərbaycanın Mülki Məcəlləsinin hüquqi şəxslərlə bağlı maddəsində dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik müzakirə olunub. Dəyişikliklə məcəllənin 49-cu (Hüquqi şəxsin orqanları) əlavə bəndlər əlavə edilir.

Belə ki, maddəyə əlavə edilən 49.4-cü bəndinə əsasən, hüquqi şəxsin mənafeləri üçün bu məcəllə ilə müəyyən edilən vəzifələrin yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs həmin şəxs, hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

1. Hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi,

2.hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi,

3 hüquqi şəxsə aidiyyatı olan şəxslərlə qanun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması,

4 hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alınması,

5. özü üçün, hüquqi şəxsə aidiyyatı olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi,

6 səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.

49.5 Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi onları hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

Əlavə edilən digər 49.6-cı bəndinə əsasən isə, bu bəcəllənin 49.4-cü və 49.5-ci maddələrində nəzərdə tutulan hallar baş verdikdə və ya halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı olan bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məluma olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumaatları ötürməməlidir.

Məcəllənin 93-cü (Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi) maddəsində də dəyişiklik edilir. Dəyişikliklə maddənin 3-cü maddəsinə “Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir.

Məcəllənin 107-12-ci (Səhmdar cəmiyyətinin audit komitəsi) 3-cü bəndi yeni redaksiyada verilib: “Cəmiyyətin icra orqanının üzvləri və ya cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının üzvləri audit komitəsinin üzvü ola bilərlər”.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti