Rusiyanın Bakıya göndərəcəyi yeni səfirdən gözləntilər

Rusiyanın Bakıya göndərəcəyi yeni səfirdən gözləntilər
  04 Aprel 2018    Oxunub:2164
Rusiya Dövlət Duması Mixail Boçarnikovun Azərbaycana təyin olunacaq yeni səfir kimi namizədliyini təsdiqləyib. Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub. Bəs, rəsmi Bakı Boçarnikovun namizədliyini dəstəkləyirmi?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, Boçarnikov təcrübəli diplomatdır. O, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı istiqamətində mühüm addımlar ata bilər.

“Ancaq təcrübə əsas məsələ deyil. Onun Rusiya və Azərbaycan münasibətlərinin inkişafına verə biləcəyi töhfə ilə fəaliyyətini dəyərləndirmək mümkündür. Ümid edək ki, o, vəzifəsini vicdanla yerinə yetirəcək. Çalışacaq ki, iki qonşu dövlət arasındakı münasibətlərin bütün formaları inkişaf etsin”.



Q.Hüseynli qeyd edib ki, Boçarikovun Qazaxıstandakı fəaliyyəti qənaətbəxş olub: “Qazaxıstanda onun fəaliyyəti müsbət qiymətləndirilir. Çünki onlar səfirin Rusiya-Qazaxıstan münasibətlərinə töhfə verdiyi qənaətindədirlər. Bu, nöqteyi-nəzərdən demək istəyirəm ki, səfir Azərbaycan-Rusiya münasibətlərini ən azından Qazaxıstan-Rusiya münasibətləri səviyyəsinə yaxınlaşdıra bilsə, bu, onun tərəfindən görüləcək ən yaxşı işlərdən biri olacaq”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov isə AzVision.az-a deyib ki, Boçarikov Azərbaycanda Rusiyanın xarici siyasətinin əsas istiqamətlərini və prinsiplərini həyata keçirəcək:

“O, müstəqil şəxs deyil, öz dövlətinin xarici siyasət prioritetlərini həyata keçirir. Bu prizmadan baxdıqda, Boçarikovdan yeni bir şey gözləmək çətindir. Doğrudur, hər bir diplomat həm də bir şəxsdir. Şəxsiyyətin özündən çox şey asılıdır. Diplomatın əsas fəaliyyəti dövründə öz dövlətini təmsil etmək, burada baş verən hadisələri vaxtında çatdırmaq, təhlil etmək, proqnozlaşdırmaq, iki ölkə arasında münasibətlərin inkişafına müəyyən töhfə verməkdir. Yeni səfirin bunu nə dərəcədə peşəkarlıqla edəcəyini zaman göstərəcək. Boçarikovun təcrübəsi kifayət qədər zəngindir. O, 30 ildən artıqdır diplomatik fəaliyyətdədir. Afrika, Asiya ölkələrində çalışıb, sonuncu dəfə Qazaxıstanda səfir olub”.



Politoloq hesab edir ki, Boçarinkov Azərbaycanda peşəkar səfir kimi fəaliyyətini davam etdirəcək: “Diplomatik təcrübəsinin zəngin olduğunu nəzərə alaraq hesab edirəm ki, Boçarikov peşəkar səfir olacaq. Bu, ona işarədir ki, xarici siyasətdən, diplomatiyadan başı çıxan insandır. Hesab edirəm ki, Boçarikovun zəngin diplomatik fəaliyyəti Azərbaycanda səfir olmağa müəyyən təkanlar yaradır və əsas verir ki, peşəkar diplomatik missiyanı yerinə yetirəcək. Düşünürəm ki, o, iki ölkə arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldıracaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Səfir  





Xəbər lenti