Prezident Hindistanın XİN rəhbəri ilə görüşüb - Yenilənib
Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğuladı və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.
Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Hindistan XİN