İlham Əliyev nazirlər konfransında - FOTOLAR (Yenilənib)

İlham Əliyev nazirlər konfransında - FOTOLAR (Yenilənib)
  05 Aprel 2018    Oxunub:5133
Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.



Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Konfransdan əvvəl birgə foto çəkdirildi.



Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat hazırda dünyada qeyri-müəyyənliklərin və çağırışların olduğunu, bəzi ölkələrin qəbul etdiyi qərarların digər dövlətlər üçün ciddi problemlər yaratdığını deyərək bildirdi ki, həmin qərarların dünyaya müsbət təsir göstərməsi üçün prosesin özü dəyişməlidir. Bunun üçün ölkələrin daxili işlərinə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət etmək əsas şərt kimi götürülməlidir. “Bizim üçün əsas məsələ dayanıqlı inkişafın, sülhün və beynəlxalq təhlükəsizliyin təmin edilməsidir”, - deyən Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinin, xüsusilə də nüvə silahının yayılmaması üçün Qoşulmama Hərəkatının fəaliyyətinin artırılmasının əhəmiyyətinə toxundu. Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi. Dövlətimizin başçısı Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyərək Qoşulmama Hərəkatının dünyada humanizm ideyalarının təbliğində, sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan bu Hərəkatın yeni üzvü olsa da, bir neçə il öncə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən artıq təşkilatın dəstəyini hiss etdi. Bu isə Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin göstəricisi idi.



Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan beynəlxalq hüququn pozulması ilə üzləşib, ərazilərimizin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib, ərazilərimizdə etnik təmizləmə siyasəti aparılıb, aralarında qadın və uşaqların da olduğu 613 nəfərin qətlə yetirildiyi və dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınan Xocalı soyqırımı törədilib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normalarına uyğun həllinə dair Qoşulmama Hərəkatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələr qəbul etdiyini deyən Prezident İlham Əliyev bir məqamı xüsusi vurğuladı ki, bu qətnamələrin həyata keçirilməsi mexanizmi yoxdur və Ermənistana qarşı sanksiyalar tətbiq olunmur.



Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib, multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu çərçivədə son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin dünyada multikulturalizm dəyərlərinin təbliğində öz səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunacaq və hələ 100 il əvvəl Azərbaycanda bir çox inkişaf etmiş ölkələrdən əvvəl qadınlara səsvermə hüququ verilib. Artıq Azərbaycanın sürətlə inkişaf etdiyini, özünü təmin edən ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artdığını, insan kapitalına sərmayələr qoyulduğunu, savadlılıq səviyyəsinin 100 faizə yaxınlaşdığını, son illərdə 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikildiyini bildirdi.



Dövlətimizin başçısı qeyd etdi ki, son 15 ildə işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, iqtisadi uğurlarımız beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilib. Ölkəmizin regional inkişafda böyük rol oynadığını, qitələri birləşdirdiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrildiyini, Cənub Qaz Dəhlizi kimi mühüm beynəlxalq layihənin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən danışarkən 2015-ci ildə baş tutan birinci Avropa Oyunlarını, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarını qeyd etdi.



Bildirdi ki, iki ildə bir şəhərdə həm Avropa, həm də İslam Oyunlarının keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfədir. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzv ölkəsidir ki, “Ekspo 2025”ə namizədliyini irəli sürüb, bu isə nail olduqlarımızı nümayiş etdirmək üçün yaxşı imkandır. Prezident İlham Əliyev üzv ölkələrin bu məsələdə dəstəyinin həmrəyliyin göstəricisi olacağını deyərək sonda konfransın işinə uğurlar arzuladı. Sonra nazirlər konfransına sədr seçkisi keçirildi. Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçildi.



Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: XİN   Qoşulmama-Hərəkatı  





Xəbər lenti