Psixi problemləri olan məhkumlar üçün layihə hazırlanıb

Psixi problemləri olan məhkumlar üçün layihə hazırlanıb
  05 Aprel 2018    Oxunub:1349
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram, psixi sağlamlıq və psixo-sosial dəstək məsələləri üzrə nümayəndəsi Marsello Roriz De Keyroz Ədliyyə Nazirliyinin Penitensiar xidmətində olublar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov BQXK əməkdaşlarını qəbul edib. Görüşdə qeyd edilib ki, BQXK tərəfindən 2 saylı İstintaq təcridxanası ilə əlaqədar göndərilmiş hesabatda göstərilmiş tövsiyələr xidmətin aidiyyəti idarə və şöbələri tərəfindən müzakirə edilib və zəruri tədbirlər həyata keçirilib.

Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən Byorn Oliver Ram ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulayıb, daha sonra BQXK-nın psixi sağlamlıq və psixo-sosial dəstək məsələləri üzrə nümayəndəsi Marsello Roriz De Keyrozu təqdim edib.

M.R. De Keyroz qeyd edib ki, Ədliyyə Nazirliyi Tibb Baş idarəsi ilə birgə psixi problemləri olan məhkumlara göstərilən yardımın səmərəsini artırmaq məqsədilə müvafiq layihə hazırlanıb. Layihə çərçivəsində Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında da psixiatriya sahəsindəki mövcud vəziyyət öyrənilib, pilot müəssisə olaraq Bakı İstintaq Təcridxanası müəyyənləşdirilib. Layihə əsasən 3 fəaliyyət istiqamətini özündə ehtiva edir. Bura psixiatrlar üçün təlimlərin keçirilməsi, pilot müəssisədə başçəkmələr vasitəsilə psixiatriya xidmətinə nəzarət edilməsi və narkomaniyadan əziyyət çəkən məhkumların müalicəsi üçün Səhiyyə Nazirliyi sistemində tətbiq olunan müalicə üsullarının müşahidəsi aiddir.

Aparılmış fikir mübadiləsi zamanı rəis müavini H.Əlixanov pilot layihəyə ciddi rejimli cəzaçəkmə müəssisələrindən birinin daxil edilməsini məqsədəmüvafiq hesab edib. Müzakirələr zamanı BQXK nümayəndələrini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.

AzVision.az


Teqlər: BQXK   Penitensiar-xidmət  





Xəbər lenti