Çingiz Qənizadə seçicilərlə görüşlərini başa vurdu

Çingiz Qənizadə seçicilərlə görüşlərini başa vurdu
  09 Aprel 2018    Oxunub:1095
Milli Məclisin deputatı Çingiz Qənizadə, millət vəkili seçildiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşən 40 kənddə seçicilərlə görüşlər keçirib.
AzVision.az xəbər verir ki, Novruz bayramı günlərindən başlayaraq aprel ayının 8-də başa çatan görüşlər zamanı, millət vəkili dünyada baş verən siyasi proseslərdən, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin icrasından, həmçinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkə başçısının apardığı milli və dövlət maraqlarına, habelə beynəlxalq hüquq normalarına söykənən siyasətindən danışıb.

Çingiz Qənizadə İmişli və Beyləqan rayonlarında yeni məktəblərin açılışı, yolların asfaltlanması, kəndlərə mavi qazın verilməsi, kəndlərin işıq təchizatının yaxşılaşdırılması, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin açılması və s. digər məsələlərin həllinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları çərçivəsində reallaşdırıldığını, əldə olunan bütün bu nailiyyətlərin ölkə Prezidenti tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu seçicilərinin diqqətinə çatdırıb.

Millət vəkili, xaricdə yaşayan bəzi azərbaycanlı mühacirlər tərəfindən son vaxtlar ölkəmizin rəhbərliyi və ayrı-ayrı şəxslər və onların ailə üzvləri barəsində heç bir əxlaqi və milli dəyərlərə sığmayan çıxışlarını da pisləmiş, onların kimliyi və kimlər tərəfindən maliyyələşdirildikləri ilə bağlı məlumat vermişdir.

Görüşlərdə iştirak edən kənd ağsaqqalları, ziyalılar və müəllimlər həmin adamların hərəkətlərini qətiyyətlə pislədiklərini bildiriblər. Sonda millət vəkili seçicilərini 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində aktiv iştirak etməyə çağırıb.

AzVision.az


Teqlər: Milli-Məclis   Seçki  





Xəbər lenti