Kamboca ilə siyasi məsləhətləşmələr keçirilib

Kamboca ilə siyasi məsləhətləşmələr keçirilib
  09 Aprel 2018    Oxunub:2263
Azərbaycan və Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Kamboca tərəfdən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Ouç Boritin rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Kamboca nümayəndə heyətini salamlayaraq bu səfərin Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun möhkəmlənməsi və işgüzar əlaqələrin genişlənməsi üçün faydalı olacağına, iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələr üzrə gələcək inkişafı üçün mühüm zəmin yaradacağına ümidvarlığını ifadə etdi. O, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, kənd-təsərrüfatı, tibb, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edərək, əlaqələrin müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüş əsnasında X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri layihələri haqqında məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının Cənub və Cənub-Şərqi Asiya ölkələrinin Avropa bazarlarına çıxması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırdı. Həmçinin, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən köklü islahatlar barədə danışdı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu deyən nazir müavini münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini bildirdi. X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü bildirdi və Kambocanın bu mövqeyinin davamlı şəkildə ifadə olunacağına ümidvarlığını qeyd etdi.

O.Borit Kambocanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, fürsətdən istifadə edərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi. O.Borit ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu bildirdi və münaqişənin sülh yolu ilə həllini dəstəklədiklərini dedi.

Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan kambocalı diplomat ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini nəzərə çatdırdı. Həmçinin, parlamentlər arasında əməkdaşlığın gələcək inkişafında Kambocanın maraqlı olduğunu bildirdi. O.Borit sovet dövründə kambocalı tələbələrin ölkəmizdə təhsil almaları üçün yaradılmış imkanlara görə Azərbaycana təşəkkürünü çatdırdı və iki ölkə arasında əhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını qeyd etdi.

Enerji sahəsində Azərbaycanın zəngin təcrübəyə və yüksək ixtisaslı peşəkarlara malik olduğunu deyən qonaq bu istiqamətdə ölkələrimiz arasında müxtəlif mübadilə proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və siyasi məsləhətləşmələrin davamlı əsasda aparılması məsələləri müzakirə olundu.

AzVision.az


Teqlər: XİN   Kamboca  





Xəbər lenti