Məmmədyarov baş katiblə görüşüb
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olduğunu bildirən baş katib son dövrlər Azərbaycanın təşkilat çərçivəsində keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirakını təqdir edib.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə baş katib R.Alimova təşəkkürünü bildirən nazir E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğulayıb.
E.Məmmədyarov Azərbaycanın ŞƏT üzv dövlətlərlə ikitərəfli səviyyədə dostluq və tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək rəsmi Bakının iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizi layihələrinin ŞƏT çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını nəzərə çatdırıb.
Görüş əsnasında ŞƏT haqqında Azərbaycan ictimaiyyətində məlumatlandırmanın artırılması və ictimai diplomatiya təyinatlı layihələrin həyata keçirilməsi məsələsinə də toxunulub. Söhbət zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eldar Tanrıverdiyev
AzVision.az