Prezidentliyə namizədlər seçkidən razı qaldılar

Prezidentliyə namizədlər seçkidən razı qaldılar
  12 Aprel 2018    Oxunub:1310
Azərbaycan Respublikası prezidentliyinə namizədlər də aprelin 11-də səsvermə hüququndan istifadə ediblər.
Azərbaycan Sosial-Demokrat Partiyasından olan prezidentliyə namizəd Araz Əlizadə 17 saylı üçüncü Yasamal seçki dairəsinin 23 saylı məntəqəsində səs verib. Jurnalistlərə müsahibə verən A.Əlizadə bildirib ki, səsvermə prosesi şəffaf keçirilib, hər hansı qanun pozuntusu ilə rastlaşmayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan prezidentliyə namizəd Qüdrət Həsənquliyev 29 saylı Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib. Prezidentliyə namizəd seçkilərin gedişatından razı qaldığını bildirib.

Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Prezidentliyə namizəd bildirib ki, seçkilərdə yüksək fəallıq müşahidə olunub.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. Fərəc Quliyev jurnalistlərə açıqlamasında səsvermə zamanı bütün seçicilərə bərabər şəraitin yaradılmasının şahidi olduğunu deyib.

Azərbaycan Demokrat Partiyasından olan prezidentliyə namizəd Sərdar Cəlaloğlu isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səs verib. O, seçkilərin xalqımız və dövlətimiz üçün xeyirli olmasını arzulayıb.

Cəbhəçilərin Təşəbbüs Qrupunun prezidentliyə namizədi Razi Nurullayev Binəqədi 1-ci seçki dairəsinin 233 nömrəli orta məktəbdə yerləşən 15 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səsvermədə iştirak edib. O, səsvermənin gedişində hər hansı bir problemin olmadığını, seçkilərin təşkilindən razılığını bildirib.

Öz təşəbbüsü ilə prezidentliyə namizəd Zahid Oruc da səsvermə hüququndan istifadə edib. O, ailə üzvləri ilə birlikdə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində səs verib. Zahid Oruc jurnalistlərə açıqlamasında seçki prosesinin ədalətli keçirildiyini bildirib. (AzərTAc)

AzVision.az


Teqlər: Seçki   Səsvermə   Namizədlər  





Xəbər lenti